https://www.zirve.edu.az/
22.12.2018 11:05
Əcnəbilər Azərbaycanda doktorantura təhsili almaq üçün nə etməlidirlər?
Çap et

Azərbaycanda elmi dərəcə almaq üçün doktorantura pilləsi üzrə təhsil zəruridir. Doktoranturada təhsil fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilir.

Azərbaycan vətəndaşları üçün təhsil dövlət hesabına və ya ödənişli əsaslarladır. Onlar doktoranturaya qəbul üçün ixtisas fənni, xarici dil və fəlsəfədən magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanı verməlidirlər. Xarici dildən rus dili istisnadır, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır. Bu, Azərbaycan vətəndaşları üçün doktoranturaya qəbulda müəyyən olunmuş ümumi qaydalardır.

Bəs, əcnəbi və vətəndaşlığı olmayanların doktorantura təhsili necə həyata keçirilir?

AzEdu.az xəbər verir ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun  həyata keçirilir.

Onlar üçün bu təhsil yalnız ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında   ödənişsiz qəbul apara bilərlər.

Xaricdə təhsil almış əcnəbilər ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidirlər.

Onların fəlsəfə doktoru üzrə doktorantura və dissertantlıq yolu ilə təhsil müddətində Azərbaycan dili fənnindən əlavə doktorluq imtahanı vermələri mütləqdir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturaya qəbulu və dissertant təhkim olunması həm də doktorantura təhsili haqda qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları