Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-18 17:09:13
“Universitetimizdə hər kəsin hətta  uzanıb, dərs  oxuması  üçün yerlər də var” – Xaricdəki tələbəmiz  

Son illər xarici ölkələrlə əlaqələrin genişlənməsi, dünyaya inteqrasiya nəticəsində, gənclərin xaricdə təhsilə marağı daha da artıb.

  UniverMAYAK  layihəsi əsasında bu dəfə Macarıstanda təhsillə tanış olacağıq. Oranı  bizə tanıdan isə Macarıstanın  Korvinus Universitetində   təhsil alan Abdulla Məmmədlidir. O, bakalavr təhsilini  UNEC-də alıb. Magistr təhsili üçün isə Macarıstana üz tutub.

 AzEdu.az Macarıstanda  təhsil almaq, eləcə də oranın təhsil və tədris özəlliklərini bilmək istəyənlər  üçün müsahibəni təqdim edir:

-Abdulla, öncə səni yaxından tanıyaq: Orta təhsilini harada almısan?

-1995-ci ildə  Tərtər rayonunda anadan olmuşam. Orta təhsilimi Tərtər rayonu  Ələsgərli kənd orta məktəbində almışam. Orta təhsilimi başa vurduqdan sonra, 2013-cü ildə  601 balla UNEC-in   Dünya iqtisadiyyatı  ixtisasına  tam təqaüdlə  qəbul olmuşam. Növbəti il, yəni bakalavr təhsilimin ikinci kursunda yeni yaradılan SABAH qruplarına qəbul oldum. Hazırda təhsilimi Macarıstanın nüfuzlu Korvinus Universitetinin (Corvinus University of Budapest) magistr pilləsində, Beynəlxalq İqtisadiyyat və Biznes (İnternational Economy and Business) ixtisasında davam etdirirəm. Təhsilimlə bərabər dünyanın aparıcı transmilli şirkətlərindən biri olan “General Electrics” şirkətində maliyyə departemində çalışmaqdayam.

-Oxumaq üçün getdiyiniz ilk zamanlarda  hansı çətinlikləri  gördünüz? Mühit, dil  fərqi  sizə necə təsir etdi?

-Ölkəyə təzə gələndə qarşılaşdığımız ilk problemlərdən biri mühit və dil amili oldu. Macarların ingilis dili  səviyyələri digər Avropa ölkələrindən çox geri qalır və xaricilərlə ünsiyyətdən bir az çəkinirlər. Öz dilləri çox fərqli və çətindir, digər dillərin heç birinə bənzəmir. Ancaq öyrənməyə çalışıram. Daha bir çətinliyim mətbəxləri ilədir,  bəzilərini çıxmaq şərtilə milli yeməklərini  heç bəyənmirəm. Ancaq ümümilikdə yaşamaq üçün hər şərait var və zamanla hər şeyə öyrənirsən.

-Azərbaycanda bakalavr pilləsində təhsil almısan. Macarıstanda daxil olduğun universitetlə Azərbaycandakı ali təhsil müəssisələri arasında nə kimi fərqləri müşahidə etdin?

-Fərqlər çoxdur. Tələbə-müəllim münasibətlərindən tutmuş, universitetin texniki bazasına qədər... Məsələn: tələbəyə seçim şansı verilir, oxumaq istədiyi fənləri özü seçir (ixtisasa görə), imtahanlar yalnız bir dəfə deyil, üç dəfə olur. Yəni  imtahanın ilkindən kəsilsən, yenə imtahan verə bilərsən, universitetin texniki imkanları çox genişdir, böyük kitabxanası var. Təhsil aldığım ali təhsil müəssisəsinin  hər bir hissəsində əyləşərək,  eləcə də uzanaraq, ayaq üstə dərs  oxumaq  üçün yerləri var. Buradakı  sistem müəllim və tələbələrin biri-birindən asılılığını  sıfıra endirir. Bu sadaladıqlarımın heç biri UNEC-də yox idi ( SABAH-da eyni dərsi başqa qruplara, fərqli müəllimlər tədris edirdisə, o dərslərdə otura bilərdin)

 

-Macarıstan universitetinə qəbul olmaq üçün hansı proseduralardan keçdiniz?  Qəbul üçün lazım olan sənədlər nədir?

-Təqaüd proqramına  müraciət edəndə, ilkin olaraq lazım olan sənədləri (motivasiya məktubu, diplom( və ya əvəzedicisi), dil sertifikatı, digər sertifkatlar, müstəlif yoluxucu xəstəliklərdən müayinə kağızları, tövsiyə məktubları  portala yükləyirik.  Daha sonra   üç universitet və ixtisas seçmək olar. Növbəti mərhələyə keçdiyin zaman  Təhsil Nazirliyində müsahibə olur. Bu mərhələni də keçəndə, universitetlə birbaşa əlaqəyə keçirsən. Universitetlərdən asılı olaraq, yazılı, şifahi imtahan və müsahibələr olur. Amma, məndə hər ikisi də olub.  

-Əcnəbi və yerli tələbələrə hansı güzəştlər var?  Orada təhsil almaq almağın üstünlükləri nələrdən ibarətdir?

-Burada dövlət tələbələrə müəyyən güzəştlər edir. Məsələn: bütün daxili nəqliyyat növlərinə 50 faiz endirim var.   Ümümi götürdükdə, Budapeşt gənclər şəhəridir. Şəhər demək olar ki, yatmır. Ölkədə  iş imkanları genişdir.

 

-Tələbə və müəllimlərinizin  Azərbaycan haqqında  düşüncələri necədir?

-Əksər hallarda sadəcə, Azərbaycanın adını bilirlər, geniş məlumatları olmur. Tanınma əsasən son dövrlərdəki tələbə mübadilələrinə görədir.

-Macarıstanda tələbənin biraylıq yaşam xərcləri nə qədərdir?

-Yaşayış üçün otaq kirayələmək istəsəz, ən az aylıq xərc 450-500 avro (900-1000 AZN) ətrafında olur.

-Oxuduğun universitetdə xarici tələbələr çoxluq təşkil edirmi? Hansı ölkədən gələnlər daha artıqdı?

-Bəli, xarici tələbələr kifayət qədərdir və əsasən daha az inkişaf eləmiş ölkələrdəndirlər. Əksər hallarda olduğu kimi, çinli xarici tələbələr daha çoxluq təşkil edirlər. Nisbətən üstünlük təşkil eləyən digər tələbələrin gəldiyi ölkələrə əsasən Vyetnam, Monqolustan, Azərbaycan, Afrikanın bir çox ölkələri, Balkanlar, digər Post-Sovet ölkələri və s. misal gətirmək olar. 

-Universitetdə keçdiyiniz  dərs sistemini təsvir edərdiniz...

-Dərs sistemi mütləq olaraq interaktiv şəkildə keçirilir, hansı ki, tələbə və müəllimləri aktiv şəkildə dərs prosesinə cəlb edir. Əsasən müzakirələr formasında həyata keçirilir və tənqidi fikirlərə xüsusi önəm verilir.

 

-Macarıstanda xarici tələbələrə iş izni verilirmi?

-Bəli,  ancaq müəyyən məhdudiyyətlər daxilində verilir .Yay tətilini çıxmaq şərtilə  bir tələbə həftə ərzində 24 saatdan artıq çalışa bilməz.  

-Macarıstanda təhsil almağın perspektivi nədir?

-Macarıstan gənclərin toplaşdığı və gənclər üçün bir çox fürsətlər yaradan ölkədir. Əgər bura gələn gənclərimizin potensialın nəzərə alsaq, macar gənclərindən heç də geri qalmırlar. Hətta gənclərimiz bəzi hallarda daha üstün olurlar. İş imkanlar çox genişdir. Burada təhsil almaqla ən əsası  Avropanın digər daha inkişaf etmiş ölkələrinə yollar açılır. Deyərdim ki, macar universitetlərində verilən təhsil müasir əmək bazarının tələblərinə cavab verir və eyni zamanda həmin təhsillə Azərbaycanda perspektivli iş imkanları açır.

-Doktorantura təhsili almağı düşünürsən?

-Hazırda magistr təhsilimə, eləcə də  işimə fokuslanmışam. Düşünmürəm ki, ardıcıl doktorantura da oxumaq istəyərəm. Amma özümü iş həyatında sınadıqdan sonra gələcək illərdə düşünə bilərəm.

-Azərbaycan təhsilindən danışaq. Səncə, təhsilimizin durumu necədir?

-Bizdə təhsil sistemində böyük boşluqlar var, xüsusilə universitetlər, məktəblər arasında… Bildiyimiz kimi, təhsil bağçadan başlayır, bu istiqamətdə də böyük çatışmazlıqlar var; xüsusilə bölgələrimizdə hiss olunur... Ümumi götürdükdə, Azərbaycanda orta və ali təhsil daxil olmaqla, çox səbəbsiz və lüzumsuz dərs yükləri var. Buna misal olaraq, ölkədə universitetlərə qəbul sisteminin cəmi 5 qrup üzrə aparılmasını misal göstərə bilərik. Hər 5 qrupda, ixtisasdan asılı olaraq, lazımsız fənlər var hansı ki, əzbərləməyə məcbur oluruq. Bir şeyi vurğulamaq istərdim ki, ölkəmizdə universitetə qəbul olmaq, onu başa vurmaqdan daha çətindir. Bu da dünyanın inkişaf eləmiş təhsil sistemlərindən fərqlidir. Daha bir məqam universitetlər arasında olan uçurum, yəni səviyyə fərqidir.  Ümumi olaraq, Azərbaycan təhsilinin hazırki, durumunu orta göstəricidən  aşağı olduğunu düşünürəm.

-Təhsildən başqa beynəlxalq sərgilərdə, konfranslarda iştirak edirsən? Bir azərbaycanlı tələbə kimi  ölkəni xaricdə necə təmsil edirssən?

-Bəli!  Bacardığım qədər Budapeştdə olan yerli və beynəlxalq elmi-sosial, iqtisadi və siyasi xarakterli tədbirlərdə, konfranslarda iştirak edirəm. Hazırda Azərbaycan-Macarıstan Gənclər Birliyinin nümayəndələrindən bir olaraq, Macarıstanda Azərbaycanın güclü diasporasının yaradılmasında əlimdən gələni edirəm. Təkcə macarları deyil, eləcə də Macarıstanda yaşayan digər xalqların nümayəndələrini də buna qoşmağa çalışırıq.

-Təhsilinizlə bərabər eyni zamanda "Genetal Electrics"şirkətində maliyyə departemində çalışırsan....

-...Maliyyə departamentinin aktivlər şöbəsində şirkətin daşınar və daşınmaz aktivlərinin idarə olunmasına öz töhfəmi verməkdəyəm. Əsas vəzifələrim aktivlərin vaxtında amortizasiya olunması, yeni aktivlərin kapitallaşdırılması və s.dir.

 -Həm işləyir, həm də təhsil alırsan. Bu səndə   nə kimi çətinliklər yaradır?

-Bəli. Xüsusilə imtahanlar ərəfəsində zamanlama ilə bağlı çətinliklər olur.

-Xaricdə təhsil almaq istəyən  gənc soydaşlarımıza nə tövsiyə edərdiniz?

-Xaricdə təhsil almaq istəyən həmyerlilərimizə məsləhətim sadəcə "xaricdə oxuyum" məqsədilə deyil, əvvəlcədən müəyyənləşdirdikləri ixtisas və universitetə hazırlaşsınlar. Mümkün olduğu qədər tələsmək lazım deyil.

Günel Yaşarqızı
Müəllifin digər yazıları