https://www.zirve.edu.az/
18.12.2018 12:43
“Müəllimlərimin  mənfi fikirlərini  eşitmək istəmirəm, bütün həvəsim azalır”- “Atüstü söhbət”  
Çap et

“Dərs müddətində zəif  iştirak etdiyim  zaman müəllimlərimin söylədikləri mənfi ifadələri eşitmək istəmirəm. Çünki neqativ fikirlər eşitdikdə dərs oxumaq istəyim azalır”.

AzEdu.az müxtəlif   bölgə  şagirdlərini birləşdirən  “Atüstü söhbət” rubrikasını davam etdirir.

Budəfəki  “Atüstü söhbət”imiz   isə  İmişli rayon  Nəriman Nərimanov  adına  1 saylı  humanitar  fənlər  təmayüllü  məktəb-liseyin  VI sinif şagirdi   Fərid Məmmədli   ilədir.

“Cəmiyyətə faydalı şəxsiyyət  kimi formalaşmaq  üçün həkim olmaq  istəyirəm”  deyən Fəridlə “Atüstü söhbət”i təqdim edirik:

-Fərid, əvvəlcə, nümunəvi şagird necə olar, onu de...

-Nümunəvi şagird-dərsə gecikməməli,  müəllimlərin sözünə baxmalıdır. O, müəllimlərin verdiyi bütün tapşırıqları yerinə yetirməli  dərsini yaxşı cavablandırmalıdır.

-Dərslərində çətinlik çəkirsən?

-Dərslərimdə çətinliyim  yoxdur. Çünki çalışıram ki, hər zaman dərslərimi  yaxşı  oxuyum.

-Bəzən, çoxları düşünür ki,  şagirdin dərsi sevməsi  müəllimdən asılıdır. Bəs, sən özün  necə müəllimləri sevirsən?

-Məsuliyyətli,  şagirdlərlə mehriban və səmimi olan müəllimləri daha çox sevirəm.

-Şagirdlərin sosial şəbəkədən istifadəsinə  necə baxırsan?

-Əgər şagirdlər  faydalı məlumatlar öyrənərsə, onların sosial şəbəkədən istifadəsinə  pis baxmıram. Şagirdlər  internet resurslarından onlara  faydalı olan onlayn test, kitabda olmayan məlumatların  öyrənməsinin tərəfdarıyam. 

-Məktəbdə  heç  sevmədiyin müəllim var?

-Məktəbdə sevmədiyim müəllim yoxdur.

-“Yaxşı müəllim”  səncə, necə olmalıdır?

-Yaxşı müəllim   məsuliyyətli, qayğıkeş, vəfalı olmalıdır. O, şagirdlərlə yaxşı davranmalı, onlara aydın olmayan, başa düşmədiyi  dərsi asanlıqla başa salmalıdır.

-Gələcəkdə bu peşəni seçsən,  necə müəllim olarsan?

-Şagirdləri sevən onları başa düşən müəllim olardım. Onları heç vaxt döyməz, kobud  sözlər deməzdim. Şagirdlərimin yaxşı oxumaqları üçün əlimdən gələni edərdim.

-Gələcəkdə  hansı  peşənin sahibi olmaq istəyirsən?

-Cəmiyyətə faydalı şəxsiyyət olmağım üçün həkimliyi   istəyirəm. Həkimlik çoxlarının xəyalı olsa da, inanıram, gələcəkdə bunu gerçəkləşdirəcəm. Çünki,   insanların sağlamlığını qorumağında yardımçı olmaq  şərəfli bir işdir.    

-Şagird  asudə  zamanlarını  necə  dəyərləndirməlidir?

-Şagirdlər asudə zamanlarında kitab oxumaq  və  internet resurslarında əlavə  faydalı məlumatlar oxumaqla dəyərləndirməlidir. Onlar təmiz havada oyun oynamalı, eyni zamanda valideynlərinə də kömək etməlidirlər.

-Dərslərində “2” alanda  nə  hisslər keçirirsən?

-Dərslərimdə  heç vaxt “2” almadığım üçün bu suala tam olaraq cavab verə bilmərəm.  Heç bir şagirdə də dərslərindən “2”  almağı arzulamıram.

-Müəllimlərinin  söylədikləri hansı ifadələri  eşitmək istəmirsən?

-Dərs müddətində zəif  iştirak etdiyim zaman müəllimlərimin söylədikləri ifadələri eşitmək istəmirəm. Çünki neqativ fikirlər eşitdikdə dərs oxumaq istəyim azalır.

-Səncə, “dostluq” sözünün anlamı nədir?

-“Dostluq” çətin zamanlarda  heç kimə deyə bilmədiyin  sirrini deyəcəyin insandır. Dost dediyin insan heç vaxt dostunu dar gündə qoymaz, ona yalan danışmaz. Hər kəsə vəfalı, öz dərdini bölüşə bilən dost arzulayıram.

-Bəs, sevgi...?

-Sevgi ən təmiz duyğudur  və o cürbəcür olur.  Ana, ailə,  peşə sevgisi kimi...

-Sinif   yoldaşlarına  nə demək istərdin?

-Dərslərini yaxşı oxusunlar, müəllimləri incitməsinlər. 

Günel Yaşarqızı
Müəllifin digər yazıları