https://www.zirve.edu.az/
20.11.2018 12:00
“Müsabiqənin məqsədi kitaba qarşı marağın azalmasının qarşısını almaqdır” - Rəşad Məcid
“Burda məqsəd şagirdlər arasında ədəbiyyata marağın artırılmasıdır və bir rəqabət mühiti təşkil etməkdə müsabiqənin çox böyük əhəmiyyəti var”
 
AzEdu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid “Ədəbiyyat biliciləri” müsabiqəsindən danışarkən deyib. R.Məcid bildirib ki, həmişə olduğu kimi o, yenə də müsabiqədə sədr müavini seçilib:
 
“Bu müsabiqə çoxdan var idi və onda da sədrin müavini idim. İndi yeni təhsil nazirimiz Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” müsabiqəsi ilə bağlı yenidən əmr imzaladı və Məhəbbət xanım Vəliyeva Təşkilat Komitənin yeni sədri və mən isə müavini seçildim. Burda məqsəd şagirdlər arasında ədəbiyyata marağın artırılmasıdır və bir rəqabət mühiti təşkil etməkdə müsabiqənin çox böyük əhəmiyyəti var. Özüm iki dəfə təqdimat mərasimində ədəbiyyatsevər uşaqlarla görüşmüşəm. Ümumiyyətlə, bu bütün məktəblərdə təşkil olunub və ümumi cəmiyyətimizdə mövcud olan kitaba marağın azalmasının qarşısını almağa yönələn bir addımdır”. 
 
R.Məcid bildirib ki, müsabiqəyə artıq start verilib:
 
“Müsabiqənin başlanmasına artıq start verilib və adətən mükafatlandırma mərasimi may ayında olur. Artıq məktəblərimizdə bununla bağlı şagirdlərin seçimi həyata keçirilir”.
 
Qeyd edək ki, təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsini keçirən Təşkilat Komitəsinin tərkibi də təsdiq edilib. Təşkilat Komitəsinin sədri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, sədrin müavini Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid olub.