Azedu.az

Triqonometriya və inteqralsız riyaziyyatı təsəvvür etmək mümkün deyil

15 İyul 2024, 17:00
Triqonometriya və inteqralsız riyaziyyatı təsəvvür etmək mümkün deyil

Riyaziyyatda ən gec qavranılan mövzu dedikdə, hər birimizin ağlında triqonometriya canlanır. Əsasən imtahanlardan sonra abituriyentlər arasında bu məsələlər daha çox gündəmə gəlir. Onlar düşünürlər ki, həyatlarının qalan hissəsində triqonometriyaya ehtiyacları olmayacaq

 

Bəs, görəsən, triqonometriya nə qədər əhəmiyyətli mövzudur? Onun dərslikdən çıxarılmasına ehtiyac varmı?

 

Mövzu ilə bağlı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Örnək müəllim” Əsli Aslanova AzEdu.az-a müsahibə verib.

 

Əsli müəllim bildirib ki, savadlı kadr, savadlı mütəxəsis olmaq üçün triqonometriyanın dərindən öyrənilməsinin tərəfdarıdır:

 

“Triqonometriya riyaziyyatın vacib bölmələrindən biri olmaqla yanaşı, həm də şagirdlər tərəfindən öyrənilməsi mürəkkəb olan bir bölmədir. Lakin həyatmızda triqonometriyanın öyrənilməsi müəyyən sahələr üçün əhəmiyyət kəsb edir. Ola bilsin ki, gündəlik həyatda bunun fərqinə varmırıq, amma triqonometriya fizika, mühəndislik, tibb, memarlıq, musiqi və s. kimi sahələrdə dərindən istifadə edilir.

 

Triqonometriya sözünə ilk dəfə 1505-ci ildə alman riyaziyyatçısı Pitiscusun kitabında rast gəlinib. Triqonometriya əsasən düzbucaqlı üçbucaqla bağlı olub, tərəflər və bucaqlar arasındakı əlaqəni izah edir. Triqonometriya yunan mənşəli bir sözdür. Dilimizdə isə tərcüməsi “Üçbucaq-ölçürəm” deməkdir. Üçbucaqların həllinə ilk dəfə Astronomiyada ehtiyac yaranıb. Ona görə də triqonometriya uzun müddət astronomiyanın qolları kimi inkişaf etdirilib və öyrənilib.

 

Triqonometriya mövzusu dərsliklərdə kifayət qədər ətraflı şəkildə izah olunub. Düşünürəm ki, bu mövzunu hər bir şagird dərindən öyrənməli, araşdırmalıdır. Gündəlik həyatımızda bir başa istifadə etməsək belə, qeyd etdiyim kimi bir çox sahələrdə əhəmiyyəti yetəri qədər böyükdür”.

 

“Türkiyədə inteqral mövzusunun dərslikdən çıxarılmasının tərəfdarı deyiləm”, - deyə müsahibimiz vurğulayıb:

 

“Dərsliklərdə olan mövzuların heç biri çıxmamalıdır. Türkiyədə inteqral mövzusunun riyaziyyatdan çıxarılması məsələsinin tərəfdarı deyiləm, çünki törəmə və inteqralın riyaziyyat sahələrində özünəməxsus rolu vardır. Əslində, bunların hər ikisi özlüyündə dəyişmə ilə əlaqədardır. Törəmə də inteqral da dəyişimdir. Ancaq bunları fərqli mövqedən edirlər. Törəmə bir şeyin nə qədər tez dəyişdiyi ilə, inteqral isə bir şeyin ümumilikdə nə qədər dəyişdiyi ilə əlaqədardır. Törəməyə funksiya artımının arqument artımına olan nisbəti deyirik, eyni ilə fizikada öyrəndiyimiz təcil kimi. Təcil vahid zamanda olan sürət dəyişməsidir.

 

İnteqraldakı dəyişim isə Nyuton - Leybnis düsturundan aydındır, inteqral məhfumun, ölçünün nə qədər dəyişdiyini göstərir. Önəmli olan da budur. Məsələn, bir həkimin beyindəki xərçəngin hansı zamandan sonra nə qədər olacağını ölçməyi üçün mütləq inteqrala ehtiyac vardır. Bir sözlə bir şeyin nə qədər dəyişdiyini bilmək istədiyiniz zaman inteqral lazımdır.

 

Riyaziyyat mövzularının həyatımızda rolu düşündüyümüzdən də böyükdür. Bütün sahələr üçün vacib olduğunu düşünərək, heç bir bölmənin, mövzunun kənarlaşdırılması doğru deyil”.

SON DƏQİQƏ! Türkiyə silkələnir-Nələr olacaq?
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox