Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-28 16:58:00
AzMİU-da sənədli film nümayiş olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə sənədli film nümayiş etdirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev 1918-ci il mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən danışıb, müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu vurğulayıb.

 

Qeyd edək ki, nümayiş olunan “Əbədi ezamiyyət” sənədli filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Film Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi tarixə qürur hissi ilə baxmağa imkan verir.

 

Sənədli filmin nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.