Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-23 18:50:20
Mayın 12-də keçirilən imtahanın nəticələri AÇIQLANDI

Məlum olduğu kimi, 2024-cü il 12 may tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

 

İmtahanda iştirakı nəzərdə tutulan 24988 nəfərdən 537 nəfər imtahana gəlməyib.

 

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

 

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 30 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 5 - 10 iyun tarixlərində aparılacaq.

 

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 may saat 10:00-dan 27 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

 

Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

 

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

 

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

 

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

 

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

 

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

 

Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK