Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-07 09:32:35
Universitet bufetlərində “əl yandıran”qiymətlər: “Tələbələrə güzəştlər olmalıdır”

Tələbələrin bir çoxu universitet bufetlərindəki qiymətlərin bahalığından narazıdırlar.  Maraqlısı budur ki, eyni məhsul hər universitetdə müxtəlif qiymətlərlə, həmçinin, bazardakından baha satılır.

 

Bəs, görəsən, bu qiymətlər hansı əsaslarla tənzimlənir?

 

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verib.

 

Deputat bildirib ki, tələbələr universitetdə aşağı qiymətlərlə yemək yeməlidirlər:

 

“Türkiyənin bir çox univeristetlərində müşahidə etmişəm ki, 1-2 manata bir neçə çeşid, eləcə də əsas yemək, ikinci yemək, çay, kompot, hətta şirniyyat belə alıb, istifadə etmək olur. Əslində dünyanın əksər ölkələrində universitetlər bu sahədə qiymətləri tənzimləyirlər ki, həm müəllim, həm də tələbələr bundan istifadə edə bilsinlər. Düşünürəm ki, bizim universitetlərdə də məsələ bu qaydada tənzimlənməlidir.

 

Bu gün tələbənin büdcəsi 5-6 manata yemək yeməyə uyğun deyil. Nəzərə alsaq ki, tələbə həm təhsil haqqı, həm kirayə, həm də yemək xərclərini ödəyir. Ona görə də düşünürəm ki, Elm və Təhsil Nazirliyinin özü tərəfindən bu prosesdə müəyyən standartların müəyyənləşdirilməsinə ehtiyac var. Adətən çox vaxt deyirik ki, ali təhsil müəssisələrindəki bufetlər özəl sahədir, müdaxilə etmək olmur, amma hesab edirəm ki, məsələ belə deyil. Mütləq tənzimləmə, nəzarət olmalıdır. Tələbələrin vəziyyəti nəzərə alınmalıdır. Xüsusilə də bazar qiymətlərindən yuxarı qiymətlərin qoyulmasına qəti şəkildə icazə vermək olmaz. Çünki bu problemin həllində müəyyən modellər var. Tələbələrə güzəştlər olmalıdır. Onlar aşağı qiymətlərlə yemək yemə imkanı əldə edə bilməlidirlər”.