Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-11 13:03:23
Fond sədri: "Qızları təqaüd üçün bu layihədə iştiraka çağırırıq" - MÜSAHİBƏ

AzEdu.az Təhsil Portalı olaraq Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun TNS-ə müsahibəsini təqdim edirik.

 

- Elnur müəllim, əvvəlcə istərdik ki, bir neçə müddətdir, fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun əsas məqsədləri ilə bağlı oxucularımıza məlumat verəsiniz...

 

-Öncə, Ramazan bayramı münasibətilə sizi və oxucuları təbrik edirəm. Təhsilin İnkişafı Fondunun yaranma tarixi ilə bağlı bildirmək istərdim ki, fond Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli fərmanı ilə yaradılıb. 3 aprel 2022-ci ildə fond publik hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınıb.

 

Fondun əsas fəaliyyət istiqamətləri təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması ilə yanaşı, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində də iştirak etməkdir. Dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yardım göstərmək də fondun mühüm fəaliyyət istiqamətlərinə aiddir.

 

-Fond, xüsusilə qızların təhsil almasında, müəyyən bacarıqlara yiyələnməsində hansı imkanları təqdim edir?

 

-Xoş təsadüfdür ki, fondun ilk layihəsi məhz qızlar üçün həyata keçirilib. Belə ki, “Hənifə Məlikova-Zərdabi” adına təqaüd layihəsi çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən olan gənc qızların təhsilinə dəstək verilir. Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə icra etdiyimiz bu layihədə 80 tələbə qız ay ərzində 200 manat məbləğində təqaüdlə təmin olunur.

 

2023-cü ildən etibarən dövlət-özəl tərəfdaşlığı çərçivəsində qızların təhsilinə dəstək layihəsini bir sıra özəl qurumlar ilə birgə icra etməyə başladıq. “NEQSOL Holding” ilə birgə əməkdaşlıq çərçivəsində “Parla” təqaüd və inkişaf proqramına 674 müraciət arasından ən yüksək göstəriciyə malik 50 tələbə seçilib, onlar aylıq 200 manat məbləğində təqaüd alır. Qızlar əsasən holdinqin fəaliyyət sahələrinə yaxın ixtisaslar üzrə təhsil alır. Təqaüdlə yanaşı, qızlara təcrübə proqramı, mentorluq, NEQSOL Akademiyası vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına, “Coursera” və “LinkedIn” öyrənmə vasitələrinə çıxış kimi kompleks proqramlar təklif edir.

 

Ötən ay STP Şirkətlər Qrupu ilə birgə “Zərif mühəndislər” xanımların inkişafı layihəsinin təqdimat mərasimi keçirdik. Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, mühəndislik sahəsi üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcək. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaq. Fürsətdən istifadə edərək, mühəndislik sahəsində təhsil alan, layihənin meyarlar tələblərinə uyğun olan tələbə qızları layihədə iştirak etməyə səsləyirik.

 

-Vətəndaşlar fondun təqdim etdiyi imkanlardan yararlanmaq üçün hansı şəkildə müraciət edə bilərlər?

 

-Təhsilin İnkişafı Fondunun təşəbbüsü və ya tərəfdaşlığı ilə həyata keçirilən layihələr barəsində fondun rəsmi saytından və sosial şəbəkələrindən məlumat əldə etmək mümkündür. Hazırda saytda 6 aktiv elan var. Bu müsabiqə və layihələrdə 6-10 yaş arası məktəblilər, tələbələr və gənclər iştirak edə bilərlər. Bundan əlavə, il ərzində davam edən “IELTS imtahanına təşviq” layihəsi var ki, burada sədəcə təhsilalanlar deyil, həmçinin müvafiq ali təhsil müəssisələrində çalışan təhsilverənlər də iştirak edə bilər.

 

-Fondun imkanlarından regionlarda olan uşaq və gənclər də yararlana bilirmi?

 

-Əlbəttə. Təhsilin İnkişafı Fondu ölkəmizin bütün ərazisində, təhsilin, təhsilverənin, təhsilalanın olduğu şəhər və regionlarımızda fəaliyyətin həyata keçirilməsində maraqlıdır. Odur ki, üzərində çalışdığımız bütün layihələrin regionlara təsiri və ya icrası ilə bağlı təhlil və planlaşdırılmasını aparırıq.

 

Qızların təhsilinə dəstək layihəsi çərçivəsində regionlardan olan təhsilalanlara üstünlük verilməsi ilə yanaşı, fond regionlara yönəlik bir sıra layihələr icra etməkdədir. 2023-cü ildən başlayaraq, “İnci Group of Companies” şirkəti ilə əməkdaşlıq çərçivəsində region məktəblərinə kitablar ianə edilir. Layihə çərçivəsində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara Regional Təhsil idarələrinin məktəblərinə dünya və Azərbaycan klassik ədəbiyyatına aid 4800 kitab ianə edilib. Bu il də 5000 kitabın region məktəblərinə ianəsi planlaşdırılr.

 

-Fondun fəaliyyət istiqamətləri ilə bağlı daha hansı yeniliklər gözlənilir?

 

-2024-cü il üzrə əsas fəaliyyət istiqamətlərimiz müəyyənləşib. Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif layihələrin icrası, təhsilalanların şəxsi və peşəkar inkişafı, təhsilverənlərin bacarıqlarının artırılması, təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi qarşıda duran hədəflərə aiddir.

 

Bu il “Silk Way” şirkəti ilə dövlət-özəl əməkdaşlığı çərçivəsində 6 məktəb binasının tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. 5 məktəb Bakı şəhərində, 1 məktəb isə Kürdəmir rayonunda yerləşir. 

 

Ötən ay “VISA” şirkəti ilə əməkdaşlıq razılaşması imzaladıq. Əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində təhsilverən və təhsilalanlar tərəfindən edilən nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsidir. 

 

“Women in Tech” beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq əsasında təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı davam edir. Hazırda layihənin imtahan mərhələsi keçirilir, növbəti addım isə imtahanı uğurla başa çatdıran xanımlarla müsahibə mərhələsi olacaq. Sözügedən layihənin əsas məqsədi qadınların informasiya texnologiyaları və yüksək texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

 

Görüləcək işlər çoxdur və bu günə qədər gördüyümüz işlərdə olduğu kimi, bundan sonra da təhsil ictimaiyyəti, eləcə də dövlət və özəl sektorda olan bütün tərəfdaşları dinləmək, təhsilimizin dayanıqlı inkişafına birlikdə dəstək olmaqda maraqlıyıq.

 

-Müsahibə üçün təşəkkür edirik.