Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 16:16:26
Nərimanın valideyni: “Futbolçu olmaq arzusunu müəllimlərinə də deyirdi”

Fevralın 22-də “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıraraq tarixi uğura imza atıb. Belə ki, komanda Nəriman Axundzadənin 120+2-ci dəqiqədəki qolu ilə sözügedən tarixi nəticəni əldə edib.

 

Həm Xankəndidə, həm də dünənki oyunda tarixi qələbəyə imza atan Nəriman Axundzadənin ailəsi AzEdu.az-a müsahibə verib:

 

“Nəriman 2004-cü ildə Bakıda anadan olub, təhsilini 8-ci sinfə kimi Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbində alıb. Sonrakı illərdə futbolla əlaqədar Bakıya gəldiyi üçün 8-ci sinifdən sonrakı təhsilini Bakıda bir neçə məktəbdə davam etdirib. Nəriman uşaqlıqdan sakit idi.  Dərslərini normal oxusa da, onun həvəsi həmişə futbola olub. Məktəbdə müəllimləri arzusun nədir deyə soruşanda, o həmişə deyirdi ki, məşhur futbolçu olmaq istəyirəm. Oxuduğu müddətdə də məktəblərarası yarışlara qoşulurdu. 1 saylı məktəbdə oxuyarkən neçə dəfə qalibiyyət əldə edib. İlk dəfə “Xəzər Lənkəran” klubunda oynamağa başlayıb. Bakıda qalarkən onun bütün xərclərini, eləcə də yataqxana, yemək və s. "Qarabağ" Futbol Akademiyası qarşılayırdı. Ancaq buna baxmyaraq, həmişə nəzarətimiz üzərində idi. Atası tez-tez müəllimləri ilə danışırdı, müəllimləri də Nərimanla sıx əlaqədə idilər.

 

Nərimanın uğurlarına olan hislərimi sözlə ifadə edə bilməyəcəm. Onu televiziyada görəndə çox fərəhlənirəm. Xankəndidə oynayıb 90+ dəqiqədə qol vurmaq onun çoxdankı arzusu idi.  Nərimanın oyunlarını atası stadiondan izləsə də, mən evdən izləyərək yenə də fərəh hissi keçirirəm. Oğlum oyuna gedəndə deyirdim ki, o qolu sən vuracaqsan”.

 

Qeyd edək ki, 1/8 finalda komandamız Almaniyanın “Bayer” klubu ilə qarşılaşacaq.