Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 09:19:18
Uşaqları siqaret almağa GÖNDƏRMƏYİN - “...Maraqlarını oyadır”

Zərərli vərdişlərdən istifadə çox təəssüf ki, durmadan artır. Müşahidələr onu göstərir ki, əvvəllər 18 yaşdan yuxarı şəxslər zərərli vərdişlərdən, məsələn siqaret, narkotik vasitələrdən istifadə edirdisə, indi artıq 18 yaşdan aşağı şəxslərin də bunlardan istifadə halları artmağa doğru irəliləyir.

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamalarıdır:

 

“Bəzi şagirdlər var ki, hətta nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Müşahidələr onu göstərir ki, uşaqlar siqaret çəkməyə əsasən qrup halında başlayırlar. Onların bu cür vərdişlərə asılı olmasının ən böyük səbəbi də elə budur. Adətən aşağı siniflərdə oxuyanlar böyüklərin siqaretdən istifadə etdiyini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmirlər. Onlar bunun tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin proflaktikasını keçməyiblər. Məktəbdə müəlimlər şagirdlərə həyat bilgisi dərsində siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözlədiyindən xəbərdar etməlidirlər”.

 

Ekspert qeyd edib ki, uşaqlar siqaretdən imtina etməyi, sağlam yaşamağı düşünə bilmirlər:

 

“Mən bir neçə dəfə məktəb şagirdlərinə bunun proflaktikasını keçmişəm. Bu zaman müşahidə etdim ki, şagirdlər bunun zərərlərindən xəbərsizdirlər. Ona görə də məktəblərdə bununla bağlı maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Uşaqlar məktəb yaxınlığında və onlara yaxın ərazilərdə yerləşən mağazalardan siqareti asanlıqla əldə edirlər. Bu da onlara daha bir rahatlıq yaradır.

 

Uşaqlar arasında passiv siqaret çəkmə halları da yaşanır. Siqaret çəkənlər aktiv formada, çəkməyənlər isə siqaretin tüstüsünü qəbul edərək passiv formada bundan istifadə edirlər.

 

Onların yanında siqaretin çəkilməsi, uşaqların siqaret almağa göndərilməsi siqaretə olan maraqlarını oyadır. Bəzi ailələr siqaretin zərərlərindən uşaqlarına bəhs etmirlər və ya bəhs etsələr də, buna qarşı təbliğatı düzgün apara bilmirlər. Nəticədə etibarı ilə uşaqlar bu arzuolunmaz vərdişin aludəçisinə çevrilirlər. İstər valideyn, istərsə də müəlim uşaqlara siqaretin proflaktikasını keçməlidir”.