Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 12:36:27
DİM sədri BƏƏ-nin Dubay şəhərində işgüzar səfərdədir

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə BƏƏ-nin Dubay şəhərində işgüzar səfərdədir.

 

AzEdu.az xəbər verir ki, 12-14 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 120-dən çox hökumət, 85-dən çox beynəlxalq və regional təşkilat nümayəndələrinin iştirakı ilə “Dünya Hökumətlər Sammiti” keçirilir. 

 

“Gələcək hökumətlərin formalaşdırılması” mövzusuna həsr edilmiş “Dünya Hökumətlər Sammiti” dünyanın hər yerindən hökumət liderləri, beynəlxalq təşkilat nümayəndələri və özəl sektor rəhbərlərini bir araya gətirir və beynəlxalq əməkdaşlıq üçün səmərəli mühit yaratmaqla gələcək nəsil hökumətləri gücləndirmək üçün onlara innovativ həlləri müəyyən etməyə imkan yaradır.

 

Bəşəriyyət üçün daha yaxşı gələcəyin formalaşdırılmasına yönəldilmiş tədbirin gündəliyi 6 əsas mövzu – “Hökumətin fəaliyyətinin sürətləndirilməsi və transformasiya”, “Süni intellekt və növbəti hüdudlar”, “İnkişaf və gələcək iqtisadiyyatı yenidən formalaşdırmaq”, “Gələcək cəmiyyətlər və təhsil”, “Davamlılıq və yeni qlobal dəyişikliklər”, “Urbanizasiya və qlobal sağlamlıq prioritetləri” üzərində qurulub.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə Mərkəzin nümayəndə heyəti hazırda Sammitdə iştirak edir. Fevralın 13-də “Gələcək hökumətlərin formalaşdırılması” (Shaping Future Governments) mövzusunda keçiriləcək qlobal liderlərin dəyirmi masasının gündəliyinə M.Abbaszadənin çıxışı da daxil edilib.

 

Sammitdə çərçivəsində keçirilən sessiyalarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarainin çıxışları da nəzərdə tutulub.

 

Sammitlə əlaqədar ətraflı məlumat əldə etmək üçün keçidə daxil ola bilərsiniz.