Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-30 11:05:00
Ali məktəblərdə plan yerləri azaldılsın! – “Müəllimlərə ehtiyac yaranmalıdır”

“Ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə azaldılmalıdır”

 

Bu sözləri AzEdu.az-a təhsil eksperti Kamran Əsədov açıqlamasında qeyd edib.

 

Ekspert bildirib ki, ölkəmizdə əslində şagird sayına görə müəllimlərin sayı çox deyil:

 

“150 min müəllim hər 10 şagirdə 1 müəllim deməkdir. Əlbəttə ki, müəllimin keyfiyyəti: bilik və bacarıqlarının qənaətbəxş olması daima müzakirə predmeti olub və bu olmalıdır. O da həqiqətdir ki, cəmiyyətin əldə etdiyi bütün uğurlarının memarı müəllimdir. Bəs uğursuzluğun bənnası kimdir? Etiraf edək ki, başqa sahələrdə işləmək imkanı olmayanlar daha çox müəllimliyi seçir. Düzdür, sertifikasiyadan keçmiş müəllimin əmək haqqı digər peşə sahibləri ilə müqayisədə yaxşıdır, lakin daha da yaxşı ola bilər”.

 

Həmsöhbətimiz vurğulayıb ki, cəmiyyət bütün neqativ halların günahkarı qismində müəllimi görür:

 

“Bunun səbəbi müxtəlifdir. Bəlkə də repetitorluq, hazırlıq kursları sistemi müəllimliyi nüfuzdan saldı, bəlkə də maaş azlığı səbəbindən müxtəlif qeyri sahələrdə çalışan işçi qismində müəllim peşəsi nüfuzdan düşüb, amma vəziyyət ürəkaçan deyil. Düzdür ki, sayı çox olan müəllimlərin sözdə "hüquqlarını müdafiə edən" QHT-lər, ictimai təşkilatlar var, amma sadəcə olaraq var. Onlar mənasız tədbirlər keçirmək, qrant almaq, sertifikat paylamaq üçün var.

 

Hesab edirəm ki, müəllim peşəsinin nüfuzun qorunmasına ehtiyac var. Müəllimlərin hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlərin görülməsi zəruridir. Düşünürəm ki, pedaqoji kadrların hazırlanması üçün ali məktəblərə qəbul plan yerləri ciddi şəkildə azaldılmalıdır. Cəmiyyətin müəllimə ehtiyacı yaranmalıdır. Bir də çalışın müəllim olmayan müdirinizə, rəhbərinizə müəllim deməyin- deyə qeyd edib.