Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-27 10:25:51
Sosial şəbəkələrdə şəxsi məlumatları paylaşanların natamamlıq kompleksi var - Psixoloqdan ŞOK AÇIQLAMA

Yəqin ki, sosial şəbəkə istifadəçiləri müşahidə edirlər: bəzən kimlərsə bu plaformalarda özünə və ailəsinə aid elə şəxsi məlumatları ictimailəşdirirlər ki, bunlar başqaları tərəfindən bilinməməlidir. Əksər hallarda ailənin içində aid belə məsələlərin sosial şəbəkələrdə paylaşılması birmənalı qarşılanmır. Şəxsin özünə bildirməsələr də, arxada onu qınayır, hətta lağa qoyur, ələ salırlar.



Tutaq ki, ər öz xanımının ad günü olduğunu Facebook-da təmtəraqla elan edir, ona bəlağətli, pafoslu təbrik yazır, hətta bununla kifayətlənməyərək, həyat yoldaşı barəsində başqalarının bilmədiyi nüansları açıqlayır. Və ya əksinə, xanım əri haqqında başqaları üçün gizli qalması vacib olan şeylərdən bəhs edir.



Məgər ər arvadını evdə  - ailə içində təbrik edə bilməzdimi, vacibdirmi onlar bir-birlərinə olan sevgini sosial şəbəkələrdə bəyan eləsinlər? Belə paylaşım etməklə "layk" toplamaq nəyə xidmət edir?
 


AzEdu.az xəbər verir ki, Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova Modern.az saytına açıqlamasında sosial şəbəkə istifadəçilərinin bu platformalarda özəl həyata dair paylaşımlarına münasibət bildirib.



“Sosial şəbəkələrdə özünə aid məlumatları paylaşan şəxslərdə natamamlıq kompleksi var. Onlar belə paylaşımlarla özlərində gördükləri və etiraf etmədikləri hansısa hissləri, kompleksləri kompensasiya edəcəklərini düşünürlər”, - S.Cəbrayılova deyib.

 




Psixoloqun sözlərinə görə, belə insanların bir çoxu özünün başqalarından daha aşağıda olduğunu hiss edir. Bununla onda yaranan emosional və psixi vəziyyətdən irəli gələrək öz şəxsi həyatına aid olan məlumatları, getdiyi yerləri, restoranları səhifəsində paylaşıb “mən bunu bacarıram”, “bunu etməyə mənim gücüm, maddi durumum imkan verir” deməyə çalışırlar. 


“Əgər həmin“bacarığa” öncədən sahib olsaydı bu, onun üçün qeyri-adi davranış olmazdı. Onda  bunu belə açıq şəkildə hər kəsə göstərib özünə nədəsə “təsəlli” verməyə ehtiyac qalmazdı.

 

Həmin şəxslərin özlərinə aid məlumatları paylaşmaqda məqsədi həmçinin, gündəmin tələbatına uyğun olaraq müzakirə mövzusuna çevrilmək istəyidir. Digər bacarıqları və biliklərini kompleks hesab etdiklərindən, özgüvən aşağı olduğundan bu cür paylaşımları ən rahat yollardan biri olaraq seçiblər”, - Azərbaycan Psixoloqlar Akademiyasının rəhbəri vurğulayıb.