Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-20 12:28:53
Dərsliklərin üslub çətinliyi: “Nə şagird anlayır, nə müəllim...”

Şagirdlərin repetitorlara üz tutmasının əsas səbəblərindən biri məktəbdə keçirilən dərsi tam şəkildə dərk edə bilməmələrindən qaynaqlanır. Bəzi müəllimlər dərsliklərdə yazılan qaydalardan kənara çıxmayaraq, mövzuları kitabda olduğu kimi izah etməyə çalışır. Bu isə şagirdin dərsi başa düşməsində çətinlik yaradır.

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən  təhsil eksperti Məzahir Məmmədli qeyd edib ki, müəllimlər və şagirdlər dərsliklərin üslubundan, dilindən əziyyət çəkirlər:  

 

 

“Bəzi müəllimlər tədris prosesini ənənəvi qaydada davam etdirsələr də, digərləri isə yenilikçi, innovativ müəllimlərdir. Hansı ki, onlar Müəllimlərin işə qəbulu imtahanından keçib, müəllim olanlardır. Biz həm cəmiyyətdə, həm də rəsmi dövlət orqanlarında müəllimlərin hədəf kimi seçildiyini müşahidə edirik. Qeyd edirlər ki, təhsilverənlər dərsi düzgün idarə edə bilmir, onların fəaliyyətində yanlışlıqlar və müəyyən qüsurlar var. Amma məsələni düzgün şəkildə əks etdirmək lazımdır”.

 

Həmsöhbətimiz bildirib ki, indiki tədris sistemində müəllim evə tapşırıq verməməlidir:

 

“MİQ üzrə imtahan verən gənc müəllimlər ənənəvi üsulla dərsi idarə etmirlər. İndiki tədris sitemində müəllim evə tapşırıq verməməlidir. Tapşırıqlar dərs prosesi zamanı müzakirə edilir. Buna baxmayaraq bütün məktəblərdə şagirdlər həm əlavə tapşırıqlarla yüklənilir, həm də valideynlərə də xüsusi tapşırıqlar verilir ki, uşaqlarla məşğul olsunlar”.

 

M.Məmmədli bu problemlərin qarşısını almağın yollarına diqqət çəkib:

 

“Bu məsələnin kökü bir qədər dərinə gedib çıxır. Məsələn, ənənəvi qaydada dərs deyən müəllimlər maraqlıdırlar ki, şagirdlərə ev tapşırığı versinlər və ya repetitor kimi onlarla məşğul olsunlar. Qarışıq bir dövrün içərisindəyik. Hesab edirəm ki, bütün bunların qarşısını almaq üçün yeni bir üsul, vasitə tətbiq olunmalıdır. Ümid edirəm ki, yeni yaranmış agentlikdə orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil ilə bağlı lazımi addımlar atılacaq. Buraya sırf həmin məsələrlə bağlı tanınmış müəllimlər, mütəxəssislər cəlb olunmaqla problemin qarşısını almaq olar”.