Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 09:32:15
Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat davam edir

İmtahanlarda iştirak etmək üçün qeydiyyat 2023-cü il noyabrın 20-dək internet vasitəsilə aparılır.

 

AzEdu.az xəbər verir ki, məlum olduğu kimi, 2023-cü il  noyabrın 20-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat aparılır.

 

Bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. Xarici dil üzrə, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. İmtahanda iştirak ödənişlidir. İddiaçılar ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına yuxarıda qeyd edilən imtahanların birində iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini əlavə etməlidirlər. İddiaçılar ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ silinir. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar həm xarici dil, həm də Azərbaycan dili imtahanında iştirak etmək istədikləri təqdirdə, hər imtahanda iştirak etmək üçün 110 (yüz on) manat ödəməlidirlər.

 

Xarici dil üzrə B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL,Cambridge English Qualifications, TestDaF, DELF, DALF, STANAG) malik olanlar həmin sertifikatın qüvvədə olduğu müddətdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar. Həmin şəxslər sertifikatlarının notariat qaydasında təsdiq edilmiş surətini attestasiya sənədlərinə əlavə etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi Ali Attestasiya Komissiyası tərəfindən müəyyənləşdirilir (Bax: http://www.aak.gov.az/single/674)

 

Qeyd edək ki, xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il dekabrın 10-da, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 11-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə 2023-cü il 17 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.