Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 14:42:00
Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak etməlidir ? 

Məlum olduğu kimi, 2023-cü ilin 20-24 iyun tarixlərində Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesinə başlanıldı.

 

Yayılan informasiyalara əsasən növbəti il sertifikatlaşdırma prosesinə cəlb olunacaq fənn müəllimləri riyaziyyat, xarici dil və tarix üzrə təhsilverənlər olacaq. Lakin bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən rəsmi məlumat verilməyib.

 

AzEdu.az bu barədə rəsmi məlumat almaq üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. 

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sertifikasiya prosesinə cəlb olunacaq növbəti fənn müəllimləri ilə bağlı rəsmi məlumat hələ ki, yoxdur.

 

“Rəsmi məlumat olduğu halda ictimaiyyətə əvvəlcədən elan ediləcək” – deyə əlavə olunub.

 

 

Bəs növbəti sertifikasiyaya hansı fənn müəllimləri cəlb olunsa, daha adekvat olar?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Nadir İsrafilov bildirib ki, sertifikasiya humanitar fənlər ilə başlayıbsa, texniki fənlər ilə davam etməlidir:

 

 

 

“Elm və təhsil naziri Emin Əmrullayevin yaydığı məlumata əsasən sertifikasiya prosesi 2026-cı ilə qədər yekunlaşacaq. Düzdür, hələ ki, növbəti sertifikasiya müsabiqəsində iştirak edəcək müəllimlərin hansı fənn olacağı barədə rəsmi məlumat yoxdur. Hesab edirəm ki, sertifikasiya prosesi təhsilin təməli olan ibtidai sinif müəllimlərindən başlanılıb, Azərbaycan dili və ədəbiyyat fənni ilə davam edibsə, növbəti sertifikasiyaya cəlb olunacaq müəllimlər texniki, yəni riyaziyyat, fizika, kimya və s. kimi fənn müəllimləri olmalıdır. Düşünürəm ki, müsabiqənin sonunda təbiət fənnlərini tədris edən müəllimlər iştirak etməlidir. Gec-tez onsuz da bütün müəllimlər sertifikasiyaya cəlb olunacaq. Az öncə qeyd etdiyim məqamlar mənim subyektiv fikrimdir. Düşünürəm ki, bu ardıcıllığın tətbiq olunması, daha adekvatdır” – deyə fikirlərini yekunlaşdırıb.