Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-15 17:04:01
Məktəbdən valideynin "sinif yoxdur" iddiasına cavab: “...Şərait yaxşılaşdırılır”

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində yeni tədris ili bu gündən etibarən başladı. 

 

Yeni tədris ilinin başlamasının daha ilk günündən şikayətlər də başladı.  Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin 5-ci sinifləri ilk gündən dərsdə iştirak edə bilməyiblər.

 

Buna səbəb isə onlar üçün nəzərdə tutulan sinif otağının dərs keçmək üçün yararsız olmasından qaynaqlanır.

 

 

Övladı həmin məktəbdə oxuyan Zəminə Ağazadə AzEdu.az-a şikayətində bildirib ki, məktəbdə siniflərin təmir olunması üçün valideynlərdən hər zaman pul yığılır:

 

 

“Qızım ibtida sinfi bitirdi və bu il 5-ci sinifə gedəcək. Bu gün onlara məktəbin ən pis vəziyyətdə olan sinifi verildi. Bu səbəbdən ilk dərs günündə heç bir 5-ci sinif məktəbə getməyib. Mənim kimi, digər valideynlər də çox pərişan haldadır. Sinif pis vəziyyətdə idi. Lövhəsi yox, stollar və stullar sınıq-salxaq. Oradan nəmişlik qoxusu gəlirdi və övladlarımızın orada dərs keçməsi üçün yararsız idi. Məktəbdə hər zaman təmir və çatışmayan əşyalar üçün pul yığılır. Övladımın belə bir sinifdə təhsil almağını istəmədiyim üçün hətta özüm də təklif etdim ki, pul toplayıb təmir etdirək. Məktəbin təkcə sinif otaqları deyil, idman zalı, bufeti və sanitar qovşağı da arzuolunmaz vəziyyətdədir”.

 

 

Sözügedən problemlə bağlı Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbə müraciət etdik.

 

Məktəb sözügedən məsələyə aydınlıq gətirib. Bildirilib ki, Bakı şəhəri 5 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəb 4 tədris korpusundan ibarətdir:

 

"Hazırda məktəbdə 2124 şagird təhsil alır. Şagirdlərin rahatlığını və təhlükəsizliyini təmin etmək baxımından hər il şagirdlər 3 giriş qapısından məktəbə daxil olub və yola salınıb. Buna baxmayaraq şagirdlərin məktəbdən çıxışı zamanı əsas korpusun giriş qapısında yenə də böyük izdiham yaranırdı.

 

Cari tədris ilində şagirdlərin təhlükəsiz hərəkətini və rahatlığını təmin etmək məqsədilə onların məktəbə giriş və çıxışını asanlaşdırmaq üçün V sinif şagirdlərinin ayrıca bufeti, sanitar qovşağı, geniş həyəti olan IV korpusda təhsil alması qərara alınıb. Bu təşəbbüs məktəbdə təhsil alan 7 beşinci sinif şagirdlərinin valideynləri tərəfindən razılıqla qarşılanıb. Yalnız 5ç sinfinin valideynlərinin bir qismi övladlarının həmin korpusda təhsil almasına narazılıq ediblər.

 

Həmin valideynlərlə söhbət aparılıb, onlara bu dəyişikliyin uşaqların tədris şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirildiyi izah olunub. İnanırıq ki, məktəbin fəaliyyətinə və tədrisin təşkilinə maneə yaradan, valideyn-məktəb əməkdaşlığına zidd təşəbbüslərlə çıxış edən qeyd olunan valideynlər də məktəbin obyektiv səbəblərdən verilmiş bu qərarına hörmətlə yanaşacaqlar".