Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-12 11:30:53
TƏKLİF: Qəbul imtahanı qrup deyil, ixtisaslar üzrə aparılsın!

 

Cəmiyyətdə əksəriyyət məktəb təhsilinin test üsulun tətbiqi səbəbilə nəticə göstərmədiyini hesab edir. Yəni “qəbulun testlə olması ucbatından təhsil zəifləyir. Uşaqlar əzbərçiliyə öyrəşir” kimi iddialar zaman - zaman ortaya atılır. Elm və təhsil nazirinin ötən gün keçirilən sentyabr konfransındakı çıxışından sonra bu fikirlər yenidən aktuallaşıb.

 

AzEdu.az-a açıqlamasında sözügedən mövzuya münasibət bildirən təhsil eksperti Elşən Qafarov təhsilin keyfiyyətinin aşağı olmasının test üsulu ilə əlaqəli olmadığını düşünür:

 

“1992-ci ildən test üsuluna keçdik. Məsələ test üsulu deyil, Dövlət İmtahan Mərkəzinin qruplar üzrə qəbul mexanizmidir. İllərdir, təklif olunur ki, qəbul ixtisaslar üzrə aparılsın. Test üsulu ilə imtahanda biz seçim aparırıq. Əgər ixtisaslar üzrə olsa, kim hansı ixtisası istəsə, o üzrə də imtahan verər və arzu etmədiyi bir ixtisasa da düşməz. Amma təhsilin keyfiyyəti verilən təhsil, qəbul edilmiş standartlar, təhsil proqramları ilə bağlıdır.

 

Düşünmürəm ki, təhsilin keyfiyyətinin aşağı olması test üsulu ilə əlaqəli olsun. Burada bir amil var ki, hər kəs ancaq arzuladığı ixtisas üzrə imtahan versin və qəbul olunsun. Ancaq DİM-in qrup imtahanı buna imkan vermir. Test üsulu ilə olmasının buna aidiyyəti yoxdur”.

 

Ekspert hesab edir ki, təhsilin keyfiyyətinin qaldırılması üçün ilk növbədə müəllim peşəkarlığının səviyyəsini artırmaq, nəzarəti gücləndirmək lazımdır:

 

“Ali təhsil müəssiələrində tədris olunan proqramlarla, Müəllimlərin İşə Qəbulu (MİQ) proqramı eyniləşdirilməlidir. Yəni pedaqoji ixtisasda təhsil alanlar 4 il bir proqram üzrə oxuyur, imtahan verdikdə isə tamamilə fərqli proqram üzrə imtahandan keçir. Bu, düzgün variant deyil”.

 

Müsahibimiz son olaraq bildirir ki, test üsulunun maneə yaratmır. Əksinə, bu metod beynəlxalq sistemdə də istifadə olunur. Biz təhsilin zəifliyini başqa amillərdə axtarmalıyıq.