Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-24 12:29:00
Təhsil krediti almaq üçün nələr edilməli? - Mühüm detallar  

Hazırda ali məktəblərə daxil olmaq üçün ixtisas seçimi edənlərin bir çoxu təhsil haqqının yüksək olması ilə bağlı narahatlıq keçirir. Bu yolda onlara dəstək verən əsas qurum isə Tələbə Təhsil Krediti Fondudur. Təhsil haqqından azad olmaq üçün kriteriyalara uyğun gəlməyən şəxslərin tək çıxış yolu bu Fonda müraciət etməkdir.

 

Fond ölkə başçısının 2021-ci il 17 iyun tarixli fərmanı ilə yaradılıb. Sözügedən təşkilat təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələrə yardım üçün nəzərdə tutulub.

 

Bəs Fond müraciət edən bütün tələbələr üçün əlçatandırmı? Tələbə krediti kimlərə verilir? Tələbələr bu Fonddan necə yararlana bilərlər? 

 

AzEdu.az tələbələri maraqlandıran bu kimi sualların cavabını təqdim edir: 

 

 

-Təhsil tələbə kreditinin əhatə dairəsi necədir və hansı tələbələr müraciət edə bilərlər?

 

 Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

 

- Təhsil tələbə kreditinin hansı növləri var?

 

-İllik 2 faiz olmaqla sosial, illik 6 faiz olmaqla standart növləri mövcuddur.

Təhsil göstəricilərinə əsasən, güzəşt hüququ əldə etdikdə faizsiz olur.

 

- Hansı tələbələr sosial kredit növündən istifadə edə bilərlər?

 

Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri,  orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar, ailə başçısını itirməyə görə əmək pensiyası alanlar,  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər, hər iki valideynini (tək valideyni olduqda isə həmin şəxs) orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;

- işsiz kimi rəsmi qeydiyyatlıdırsa;

- yaşa görə əmək pensiyası alırsa;

 - yaşa görə sosial müavinət alırsa.

 

Kreditin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır.

 

-Hansı tələbələr standart kredit növündən istifadə edə bilərlər?


-Sosial kredit almaq üçün müvafiq statuslara malik olmadığı təqdirdə, aşağıdakı hər iki şərti təmin edən tələbələr:

Birinci tədris ilinin ilk semestri üçün qəbul imtahanında toplanan balın təsdiq edilmiş minimum həddindən yuxarı bal, növbəti semestrlərdə isə sonuncu ÜOMG-si 71 və yuxarı bala malik olmalı;

İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəməli.

Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestr (yarımil) üzrə hər hansı bir fənn (modul) üzrə akademik borc olmamalıdır.

 

- Birinci tədris ilinin ilk semestri üçün tələbələrin standart təhsil krediti almaq hüququnu müəyyən edən qəbul imtahanında toplanan minimal həddi neçə baldır?

 

Bakalavriat səviyyəsi üçün 250; (xüsusi qabiliyyət tələb edən ixtisaslara daxil olan tələbələrə münasibətdə – 100 bal)
Magistratura səviyyəsi üçün 50;
Subbakalavriat səviyyəsi üçün 110.

 

-Tələbə hər semestr üçün hansı məbləğdə kredit ala bilər ?

 

- Təhsil müəssisəsindəki həmin ixtisas üçün rəsmi qaydada təsdiq edilmiş illik təhsil haqqı məbləğinin bir semestr üçün olan miqdarında: Məsələn, tələbənin illik təhsil haqqı 2000 manatdırsa, Sosial kredit üzrə:

- Birinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;
- İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq.

Standart kredit üzrə:

- Birinci semestr 600 ((2000/2) - (2000*20%)) manat kredit ayrılacaq;
- İkinci semestr 1000 (2000/2) manat kredit ayrılacaq;

 

Təhsil krediti hansı müddətə verilir?

- Bu müddət tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət dövrlərindən asılıdır. Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.

 

- Tələbə təhsil krediti aldıqdan sonra hansı dövrlərdə ondan kredit geri istənilmir və faiz hesablanmır?

- Əyani təhsil aldığı dövr, güzəşt dövrü və möhlət müddətlərində.

 

- Möhlət hansı hallarda və müddətə verilir?

- Təhsil kreditinin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, onun qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır:

yuxarı təhsil səviyyəsində əyani təhsil;

həqiqi hərbi xidmət dövrü;

məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması);

işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət;

sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.

 

 

-Təhsil kreditlərində hansı tələbələr üçün və nə kimi güzəştlər nəzərdə tutulub?

 



-Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki:

Sosial növdə ÜOMG-si 71, Standart növdə isə 91 bal və yuxarı olan tələbələrə həmin semestr üçün götürdüyü kreditə görə faiz hesablanmır;

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan tələbələr aldığı Sosial TTK-nin 50 faizi, Standart TTK-nın isə 25 faizi hissəsinin geri ödənişindən azad olunur.

*Bu güzəştlər ilkin bağlanmış müqavilələrə müvafiq olaraq, semestrin və təhsil səviyyəsinin sonunda tətbiq edilir.

 

 

-Tələbələr təhsil krediti almaq üçün ilk olaraq nə etməlidirlər?

 



-Tələbə istənilən notariat ofisinə yaxınlaşaraq təhsil krediti müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqlarını (aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatlarının əldə edilməsinə dair) təsdiq etmək üçün müraciət etməlidir (yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə birlikdə).

*Bu ərizə növbəti müraciətlər üçün də istifadə edilə bilər.

 

 

-Tələbə kreditlə bağlı imtina aldıqda və ya hansısa sualı yarandıqda hara müraciət etməlidir?

 



-Tələbələr elan dövrü ərzində imtina səbəbini aradan qaldırdıqdan sonra sistemə təkrar müraciət edə bilərlər.

 

Əlaqə üçün isə https://e-ttkf.edu.az/ portalının əlaqə bölməsinə müraciət edə bilərlər.