Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 16:16:00
MİQ vakansiya seçimində 5 min yer niyə boş qalıb? - AÇIQLANDI  

Müəllimlərin vakansiya seçiminin nəticələri açıqlanıb. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən verilən məlumata görə, 26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

 

Qeyd edək ki, iyulun 11-dən 15-dək keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində 47 min 586 namizəd iştirak edib.

 

Eyni zamanda, cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

 

Bəs 5000-ə yaxın vakant yerin boş qalmasının əsas səbəbləri nələrdir?

 

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib ki, bəzi müəllimlər kortəbii şəkildə vakansiya seçimi ediblər:

 

“Burada 2 faktor var. Həm müəllimlərin müvafiq ərazi üzrə seçimləri olur. Tutaq ki, bir müəllim Bakı şəhərində yaşayır və onun imtahan nəticəsi Bakı şəhərindəki müsabiqə şərtlərini ödəmirsə, paralel olaraq rayonları da seçim zamanı qeyd etmir və nəticə olaraq həmin vakant yerlər boş qalır. Bir də düzgün vakansiya seçimi etməyənlər də var. Onlar da öz ballarına uyğun olmayaraq, kortəbii formada seçimləri aparırlar və nəticədə müvafiq müsabiqədən keçmirlər.

 

Hər iki halda müəllimlər düzgün qərar verməlidirlər. Seçimlər zamanı test imtahanından əldə etdikəri nəticə yaşadığı ərazi üzrə uyğunluq təşkil etmirsə, o zaman digər bölgələr üzrə seçim edə bilərlər. Yaxud da seçimlərində əldə etdikləri nəticə nədirsə o ballara uyğun yerlər seçsələr, onların qəbul olma ehtimalı daha yüksəkdir”.