Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 11:47:00
DTX-nın yay məktəbi açıldı

İyulun 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət mərkəzində 12-16 yaş arası məktəblilər və yeniyetmələr üçün təşkil ediləcək “Cyber Summer School - 2023” beynəlxalq yay məktəbinin açılış tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Caspel”, “Cyberpoint”, “Techpro DC” və “Huawei Technologies” şirkətlərinin sponsorluğu, “Gesco”, “A2Z Technologies”, “CISCO” və “Azerobot” şirkətlərinin tərəfdaşlığı ilə iyulun 30-dək Bakı Ali Neft Məktəbində baş tutacaq yay məktəbinə cəlb edilmiş yeniyetmələrin və onların valideynlərinin iştirak etdikləri açılış tədbirində aidiyyəti dövlət qurumlarının, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər vəzifəli şəxslərinin çıxışları dinlənilib.

 

Bununla yanaşı, açılış tədbirinin iştirakçıları təşkil edilmiş texnoloji sərgidə “Caspel”, “Cyberpoint” “Techpro DC”, “Huawei”, “A2Z Technologies”, “Cisco” və “Azerobot” şirkətlərinin texnoloji həlləri və xidmətləri ilə tanış olublar.

 

Ənənəvi olaraq hər il təşkil edilən yay məktəbi ərzində yerli və xarici mütəxəssislər tərəfindən iştirakçılar üçün kibertəhlükəsizlik sahəsində təlimlərin, texnoloji turların, habelə iştirakçılar arasında kibertəhlükəsizlik sahəsində bilik yarışının (“CTF”) keçirilməsi planlaşdırılıb.

 

Qeyd etmək lazımdır ki, “Cyber Summer School - 2023” yay məktəbinin əhatə dairəsi və beynəlxalq əhəmiyyəti bu il daha da genişləndirilib. Belə ki, iyulun 30-dək davam edəcək yay məktəbinə Azərbaycan, İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan da yeniyetmələr daxil olmaqla, ümumilikdə 125 iştirakçı cəlb edilib.

 

Ödənişsiz əsaslarla ingilis dilində təşkil ediləcək beynəlxalq yay məktəbinə 12-16 yaş aralığında olan, zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik və müsabiqədən keçmiş şəxslər cəlb edilib. Bakı Ali Neft Məktəbində təşkil ediləcək təlim və praktiki seminarlar isə Azərbaycan, İsrail və Türkiyənin sahə üzrə ekspertləri tərəfindən həyata keçiriləcək. Ümumilikdə düşərgənin davam edəcəyi müddət ərzində 20 təlimçi tərəfindən kibertəhlükəsizliyin müxtəlif aspektləri üzrə 20-dən çox təlim və praktiki seminarların, sonda isə düşərgə iştirakçıları arasında bilik (“CTF”) yarışının keçirilməsi nəzərdə tutulub.

 

2021-ci ildən etibarən ənənəvi olaraq hər il həyata keçirilən layihənin əsas məqsədi tərəfdaş ölkələrdən olan düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinə, kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə malik yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, habelə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişdirilməsinə dəstək verməkdir.