Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 21:05:00
İranda həbs olunan azərbaycanlı tələbədən yeni xəbər var - Anası danışdı

“Dünən Təbrizdəki Konsulluğumuzun əməkdaşları mənimlə əlaqə saxladılar. Fəridlə danışdıqlarını bildirdilər”.

 

Azedu.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

 

O, oğlunun vəziyyətinin yaxşı olduğunu deyib: “Konsulluğumuz Fəridlə əlaqə saxlayıb. Mənə dedilər ki, Fəridin vəziyyəti yaxşıdır”.

 

Anası Fəridlə son 1 ay ərzində iki dəfə əlaqə saxladığını söyləyib.

 

Bundan əlavə, Dilarə Əsgərova övladının vəkillə təmin olunacağını diqqətə çatdırıb:

 

“Təbrizdəki Vəkillər kolleqiyasının sədri ilə bizim kollegiyanın rəhbəri Anar Bağırov danışıqlar aparıb. Fərid üçün vəkil müəyyən edilib, oğlum bundan sonra vəkillə müdafiə olunacaq”.

 

“Xarici İşlər Nazirliyinə avqustda Fəridlə görüşmək üçün məktub yazmışam, hələ ki cavab yoxdur”, - deyə o söyləyib.

 

Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

 

İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə, ona tərcüməçi verilməyib.