Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-18 07:47:52
Abituriyentlərin imtahan həyəcanı: “Sınağı düşünəndə ağlamaq istəyirəm”

Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 1-də ilk sınaq imtahanı keçirəcək.

Abituriyentlərin bu imtahanlara necə hazırlaşdıqları və hansı fəndən çətinlik çəkdikləri barədə məlumat almaq üçün onların bir neçəsi ilə əlaqə saxladıq:

Murad Cahangirli AzEdu.az-a açıqlamasında bildirib ki, riyaziyyat fənnini qavramaqda çətinlik çəkir: “Sınaq imtahanlarında tez-tez iştirak etdiyimə görə, həyəcanlı deyiləm. Amma riyaziyyat fənnindən olan suallarda çətinlik çəkəcəyimi düşünürəm. İmtahana ayrılmış saatda misalları həll edib bitirə bilmirəm. Bu səbəbdən, bir az narahatam”.

Başqa bir abituriyent Aqşin Rüstəmovu da narahat edən riyaziyyat fənnindən düşəcək sualları cavablandıra bilməmək ehtimalıdır: “Hələ ki heç bir həyəcan hiss etmirəm. Çətinlik çəkdiyim fənn riyaziyyat, xüsusilə də həndəsədir. Mütəmadi, olaraq keçilən dərsləri təkrarlamağa və çox sayda misallar həll etməyə çalışıram”.

Sınaq imtahanı verəcək Aysu Qurbanlı isə düşünür ki, yüksək bal toplaya biləcək: “Keçdiyimiz dərsləri təkrar edirəm, misal və məsələlərin həllinə isə bir neçə saat ayırıram. Ən çətinlik çəkdiyim fənnlər riyaziyyat və ingilis dilidir. Digər sınaqlarda göstəricilərim yaxşı olub. Buna baxmayaraq, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ilk sınaq imtahanı olduğuna görə çox həyəcanlıyam. Bəzən, imtahanı fikirləşəndə az qalıram, ağlayım”.

Uğur Salahlını ən çox narahat edən fənn isə fizikadır: “Davamlı olaraq sınaq imtahanlarında iştirak edirəm. Buna görə də imtahanda həyəcanlanacağımı düşünmürəm. Sadəcə olaraq, vaxt baxımından bəzi çətinliklər yaşayıram. Amma yüksək nəticə göstərəcəyimə əminəm”.

Səbinə Kazımova həyəcan səbəbiylə imtahanı uğurla verə bilməyəcəyini düşünür: “Çox həyəcanlıyam. Bu həyəcanın biliyimi göstərməyimə mənfi təsir edəcəyindən qorxuram. Lakin dərslərimdə heç bir problemim yoxdur. Bütün fənnləri yaxşı bilirəm və qiymətlərim yüksəkdir”.

Aynur Bəşirlini fizika fənninin suallarını cavablandırmaqda çətinlik çəkir: “Bu fənnini qavramaqda çətinlik çəkirəm. Digər fənnlərdən isə bir problemim yoxdur. DİM-in ilk imtahanı olduğuna görə çox həyəcanlıyam. Tez-tez yuxuda imtahandan həyəcan səbəbiylə kəsildiyimi görürəm”.

Nəzrin Rüstəmova