Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 11:28:00
Övladının göstəricilərindən narahat olan valideynə MƏSLƏHƏT

Müəllimlər, şagirdlər və ən əsası valideynlər üçün böyük çətinliklərlə dolu olan tədris ili artıq başa çatmaq üzrədir. Buna görə də indi bir çox valideynlər övladlarının akademik göstəricilərinin əhəmiyyətli dərəcədə aşağı düşməsindən narahatdırlar.

Heç kimə sirr deyil ki, sinif jurnallarında və gündəliklərdəki yüksək qiymətlər hər zaman reallığı əks etdirməyə bilər. Çünki reallıqda məktəblərdə aparılan qiymətləndirmələr bəzən şagirdlərin biliyinin obyektiv səviyyəsini tam göstərmir.

Eyni zamanda, valideynlərin övladlarının bir il ərzində məktəb kurrikulumunu nə dərəcədə mənimsədiyini bilməsi son dərəcə vacibdir. Axı şagirdin sonrakı təhsildə irəliləyişi bundan asılıdır: əgər şagird müəyyən mövzuları hərtərəfli mənimsəməyibsə və ya ümumiyyətlə öyrənməyibsə, növbəti mərhələdə daha çətin materialları qavraması çətinləşəcək.

Bütün şübhələri aradan qaldırmaq, uşaq üçün arxayın olmaqdan ötrü onun tədris ili boyu mənimsədiyi bilikləri yoxlamaq lazımdır.


AzEdu.az aşağıda övladınızın məktəb materialına nə dərəcədə uyğun olduğunu yoxlamağa kömək edəcək bəzi üsullar haqqında bəhs edir.

Uşağın bilik səviyyəsini necə yoxlamaq olar?

Tədris ili ərzində əldə edilmiş bilikləri yoxlamaq üçün bir neçə üsul mövcuddur. Onlardan bəziləri çox populyar, lakin eyni zamanda nəticələrə əhəmiyyətli dərəcədə təsir edə biləcək bir sıra çatışmazlıqlara malikdir:

Müstəqil imtahan

Valideynlər övladının keçən tədris ilində materialları nə qədər dərindən öyrəndiyini müstəqil olaraq qiymətləndirə bilərlər. İlk növbədə şagirdlə ilə səmimi danışmağı yoxlamağa dəyər. Şagird hansı mövzuların daha çətin olduğunu və ya hansı qaydaların onun üçün anlaşılmaz qaldığını özü deyə bilər.

Ancaq belə bir söhbət yalnız uşaqla valideynlər arasında həqiqətən etibarlı bir əlaqənin mövcud olması şərti ilə yaxşı nəticə verəcəkdir. Bundan əlavə, bəzən şagirdlər öz hazırlıq səviyyələrini müstəqil qiymətləndirməkdə çətinlik çəkə billərlər.

Buna görə də uşağın məktəb kurikulumunu praktikada necə mənimsədiyini yoxlamaq lazımdır. Xüsusilə bunun üçün valideynlər məktəb dərsliyindən tapşırıq verə bilərlər.

Başqa bir seçim ixtisaslaşdırılmış təhsil saytlarında mövcud olan testlərdən istifadə etməkdir.

Xatırlamaq lazım olan ən vacib şey budur: şagirdin biliyini yoxlamaq üçün bu üsulu seçərkən, prosesin çox vaxt tələb etdiyini unutmayın. Müasir həyat tərzində valideynlər uşağln dərslərinə diqqət yetirə bilmirlər. Ailədə bir neçə uşaq varsa, onların bilik səviyyəsini qiymətləndirmək üçün bu üsul qeyri-real bir işə çevrilir.

Müəllimlərdən və ya repetitorlardan kömək

Siz həmçinin müəllimlərin köməyi ilə uşağın məktəb kurikulumunu nə dərəcədə mənimsədiyini müəyyən edə bilərsiniz. Axı il boyu şagirdləri müşahidə edən, onların bilik səviyyəsini qiymətləndirən müəllimlərdir. Valideynlər sinif müəllimi ilə danışmalıdırlar, o, ailənin istəyi ilə şagirdin davranışı və dərsə davamiyyəti haqqında məlumat hazırlaya bilər.

Söhbət orta və yuxarı sinif şagirdlərindən, hətta gələcək məzunlardan gedirsə, o zaman fənn müəllimləri ilə ünsiyyətdə olmaq daha məqsədəuyğundur. Onlar hər bir fənn üzrə uşağın güclü və zəif tərəfləri haqqında daha ətraflı məlumat verə bilərlər.

Bununla belə, müəllimlərlə ünsiyyət üçün kifayət qədər vaxtınız olmalıdır. Bundan əlavə, təəssüf ki, müəllimlərlə hər kəsin bəxti gətirmir - bəziləri konkret şagirdin uğurları və problemləri haqqında ətraflı söhbətə hazır olmaya bilərlər.