Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-26 12:58:00
ADNSU-da Safi Utebayevin barelyefi açılıb

Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli dövlət və ictimai xadim, Qazaxıstan Respublikasinin neft sənayesinin banisi Safi Utebayevin əziz xatirəsinə həsr olunmuş barelyefin açılış mərasimi keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, açılış mərasimində universitetin rektoru, professor Mustafa Babanlı, Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Alim Bayel, S.Utebayevin oğlu Maqsut Utebayev və ailə üzvləri, Qazaxıstanın Tenqizşevroyl şirkətinin rəhbəri Suyesinov Konilkoş, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbirdə əvvəlcə görkəmli dövlət və ictimai xadim S.Utebayevin barelyefi açılıb. Universitetin konfrans zalında davam edən tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq dost və qardaş ölkə olan Qazaxıstanla əlaqələrin dərin tarixi kökləri olduğunu deyib və Qazaxıstan neft sənayesinin banisi sayılan S.Utebayevin ADNSU-nun fəxri məzunu kimi xatirəsinin universitetdə hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Göstərilən dəyərə və səmimi qonaqpərvərliyə görə ADNSU rəhbərliyinə ailəsi adından dərin təşəkkürünü bildirən M.Utebayev atası haqqında xatirələrini bölüşüb, məzunu olduğu ali təhsil müəssisəsində mərhumun doğum günündə barelyefinin açılışını ailəsi və ölkəsi üçün mühüm hadisə kimi yüksək qiymətləndirib.

 

Sonra S.Utebayevin həyat yolundan və Qazaxıstanda neft sənayesindəki xidmətlərindən bəhs edən video sujet təqdim edilib. Tədbirdə çıxış edən Qazaxıstan Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri A.Bayel ölkəsinin neft tarixinə adını qızıl hərflərlə yazdıran S.Utebayevin bir vaxtlar təhsil aldığı ali təhsil müəssisəsində barelyefinin açılışını onun xatirəsinə dərin hörmət və iki ölkə arasındakı dostluq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Universitetdə olmaqdan və belə bir dəyərli tədbirdə iştirak etməkdən məmnun olduqlarını deyən S.Utebayevin ailə üzvləri Azİİ-də bu sahənin inkişafı üçün Utebayevin yolunu davam etdirəcək kadrların hazırlandığına görə şad olduqlarını, hətta nəvələrinin də gələcəkdə burada təhsil almasını istədiklərini deyiblər.

 

Sonda xatirə hədiyyələri təqdim edilib. Qonaqlar universitetin Tarix və Minerologiya muzeylərini gəzib, Azİİ e-kitab evini ziyarət ediblər.