Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 18:00:00
Buraxılış imtahanında 300 bal toplayan şagird: “Özümə inanırdım” - MÜSAHİBƏ

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahan iştirakçıları arasında 1 nəfər maksimal olan 300 balı toplamaqla ən yüksək nəticə göstərib. 

 

Budəfəki rekordçu şagird Naxçıvan Qarnizonundakı tam orta məktəbinin şagirdi Məmmədli Məhəmməd Qurban oğludur.

 

AzEdu.az saytı Məhəmmədlə əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

 

- Məhəmməd, budəfəki buraxılış imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

 

- Bu nəticəni gözləyirdim, özümdən əmin idim. Valideynlərim deyirdi ki, çox ümidlənmə, birdən aşağı nəticə gələr, pis olarsan, ancaq mən maksimum balı toplayacağıma inanırdım. 

Özümü çox xoşbəxt hiss edirəm. Yüksək nəticə göstərmək çox fərqli, möhtəşəm hissdir.  

 

Buraxılış imtahanında əldə etdiyin nəticə təkcə öz əməyinin bəhrəsidir, yoxsa repetitorla hazırlaşmışdın?

 

- Son bir ildə repetitorla hazırlaşmışam.

 

Hansısa ixtisas qrupu seçmisən?

 

- Əvvəllər III qrup üzrə hazırlaşmağı düşünür, hüquq ixtisası üzrə təhsil almaq istəyirdim, amma indi fikrimdən daşınmışam. Hələ ki tam qərar verə bilməmişəm.


- Gələcəkdə qəbul imtahanları ilə bağlı hədəfin nədir?


- Ali məktəblərə qəbul imtahanında hədəfim 700 baldır. İnanıram ki, bu istəyimə də çatacağam.


P.S. Qeyd edək ki, Məhəmməd Məmmədli ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarından 300 bal toplayan 2-ci şagirddir. Bundan əvvəl - aprelin 16-da keçirilmiş imtahan iştirakçıları arasında Bakıdakı Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Tural Azər oğlu Əfəndiyev də 300 bal toplamışdı.