Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 09:34:28
Bakıda oxuyan afrikalı tələbə: “Azərbaycanlı qızla evlənməyi çox istərəm” - MÜSAHİBƏ

AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.


Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd, onların ölkəmizdəki təhsili necə dəyərləndirdikləri, Azərbaycan barədə təəssürlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını öyrənməkdir.


"Xarici tələbə" rubrikasında növbəti müsahibimiz Afrika qitəsindən - Nigeriyadandır. Hazırda Odlar Yurdu Universitetində bakalavr pilləsi üzrə hazırlıq qrupunda  təhsil alan 24 yaşlı Damilola ilə söhbəti təqdim edirik.


Qeyd edək ki, Damilola Azərbaycan dilində çox primitiv cümlələr qura bilir. Onun əsas danışa bildiyi dil İngilis dilidir.


- Təhsil üçün Azərbaycanı seçməyin səbəbi nədir?


- Təhsil almaq üçün Azərbaycanı seçdim, çünki bura təhsil almaq və sonra peşəniz üzrə pul qazanmaq üçün əlverişli ölkədir.


- Deyəsən Azərbaycan dilini öyrənməyə çalışırsan...


- Bəli. Odlar Yurdu Universitetində Azərbaycan dilini tam öyrənməli olduğum üçün hələlik hazırlıq sinfindəyəm.


- Azərbaycanda təhsil almağın üstünlükləri nələrdir?


- Mən Azərbaycanın təhsil sistemindən çox razıyam. Burada siz aşağı məbləğdə təhsil haqqı ödəyərək yüksək səviyyəli təhsil alıb dünya səviyyəsində tanınan diplom əldə edə bilirsiniz.


- Burada tələbə həyatında hər hansı çətinliklə üzləşirsənmi?


- Bəli, bir tələbə olaraq özünüzü dolandırmaq üçün işləyə bilmirsiniz, sadəcə olaraq ailədən və ya başqa gəlirdən asılı olmalısınız.


- Bəs aylıq xərclərini necə qarşılayırsan?


- Təqaüd də almadığım üçün bəzən çətinlik çəkirəm. Ailəm köməklik edir, dostumla birıikdə qalıram, bəzi xərclərimiz ortaqdır. Ümumilikdə, ailəm köməklik edir, mən də bacardığım qədər onlayn işlər görürəm.


- Dostunla yaşadığını qeyd etdin. Heç ev işlərində mübahisə edirsiniz?


- Xeyr, mənim dostum nigeriyalıdır, buna görə də biz bir-birimizi anlamaqda çətinlik çəkmirik.


- Bəs azərbaycanlı dostların var? Onlarla necə yola gedirsən?


- Düşünürəm ki, mən hələ Azərbaycan dilini orta səviyyədə bilirəm, lakin öyrənməyə davam etmək istəyirəm. Hazırda həm repetitor mənə dərs keçir, həm də sosial həyatım elə də aktiv deyil. Amma bununla yanaşı,azərbaycanlı dostlarım da var, onlarla danışaraq dil biliyimi təkmilləşdirməyə çalışıram. Heç bir problemimiz də yoxdur.


- Ailən və Nigeriyadakı dostların üçün darıxırsabmı? Heç onları heç bura dəvət etmisən?


- Bəli, ailəm və dostlarım üçün çox darıxıram və onları Azərbaycana dəvət etmişəm, artıq prosedurlar tamamlanmaq üzrədir, ən qısa müddətdə gələcəklər. Heç vaxt Azərbaycanda olmayıblar, buna görə də çox həyəcanlıdırlar. Onları bütün gözəl yerlərdə gəzdirəcəm, milli təamları daddıracam.


- Boş vaxtını necə keçirirsən? Hansı fəaliyyətlərdən zövq alırsan?


- Düzünü desəm, dərslərimə görə elə də boş zamanım qalmır, amma vaxt tapdıqca idmanla məşğul olmağı sevdiyimə görə, tennis oynayıram, fitnessə gedirəm. Bakı çox gözəl şəhərdir,  bəzən sadəcə şəhərin mərkəzində gəzmək belə mənə zövq verir.


- Azərbaycanın hansı bölgələrində olmusan?


- Dərslərimlə məşğul olduğumdan Bakıdan kənarda heç bir yerə getmək şansım hələ ki olmayıb. Ancaq əlbəttə ki, Azərbaycanın gözəl guşələrini görmək istəyərəm.


- Ən sevdiyin Azərbaycan yeməyi hansıdır?


- Çox vaxt özüm evdə yemək hazırlayıram. Demək olar ki, Azərbaycan yeməklərinin hər birini sevirəm, hamısı çox ləzzətlidir. Ancaq sırf bir yemək seçməli olsam, bu dolma olardı.


- Bəs azərbaycanlı qızla evlənərdin?


- Elə bir qadağam yoxdur ki, hansısa ölkədən biri ilə ailə qurmaram. Azərbaycan qadınlarına gəldikdə isə onlar heyrətamizdir. Əgər azərbaycanlı qız mənimlə evlənmək istəsə, əlbəttə mən də çox istərəm.


- Gələcəkdə Azərbaycanda işləmək, yaşamaq və ya ailə qurmaq planların varmı?


- Təhsilimi başa vurandan sonra burada qalmağım vəziyyətin necə olacağından asılıdır. Əgər əlverişli şərait olsa, mütləq qalacağam.


P.S.
Qeyd edək ki, müsahibəni təqdim etmək üçün nigeriyalı tələbədən şəklini də istədik. Lakin həddindən artıq utancaq olduğunu əsas gətirən Damilola israrla imtina etdi. Dedi ki, indiyə kimi heç vaxt sosial şəbəkələrində də özünün tək şəklini paylaşmayıb.