Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-21 14:00:00
Bakıdakı teatrların bölgələrə qastrolu başlayır

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri başlanır.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, 22 və 24 aprel – 21, 28, 29, 30 may tarixlərini əhatə edəcək qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. 

 

Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı ayın 22-də Şamaxı Mədəniyyət Mərkəzində (saat 15:00) musiqisevərlərin qarşısına çıxacaq. Həmin gün Arslan Növrəslinin caz qrupu etno-caz konserti ilə Xaçmaz Mədəniyyət Mərkəzində (saat 15:00) çıxış edəcək.

 

24 aprel tarixinə üç tamaşa nümayişi nəzərdə tutulur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Abdulla Şaiqin “Danışan gəlincik” əsərinin tamaşasını Lənkəran Dövlət Dram Teatrında (14:00), A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Məlikməmməd” nağıl-tamaşasını Qusar Dövlət Ləzgi Dram Teatrında (12:00), Azərbaycan Dövlət Pantomima Teatrı isə “Pantomima buketi” səhnə əsəri ilə İsmayıllı Mədəniyyət Mərkəzi (14:00) nümayiş etdirəcək.

 

Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrlar bundan əvvəl 20-27 mart tarixlərində bölgələrdə qastrol səfərində olmuş, ümumilikdə səkkiz tamaşa nümayiş etdirilmişdi.