Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 11:00:00
Uşaqlara bağçalarda verilən yeməklər... - Valideyn şikayətlənir, bağça müdirləri isə əksinə...

Hazırda bir çox bağçalarla bağlı müəyyən şikayətlər mövcuddur. Valideynlər qidalanma prosesindən, yemək menyusundan narazıdırlar. Bundan əlavə, valideynlər bildirirlər ki, bağçalar dövlət tərəfindən lazımi ərzaq məhsulları ilə təmin olunmağına baxmayaraq, tərbiyəçilər onlardan əlavə qidalar gətirmələrini istəyirlər.


AzEdu.az
 saytı uşaq bağçalarındakı narazılıqlarla bağ araşdırma aparmağa çalışıb.

Bunun üçün Elm və Təhsil Nazirliyinin tabeliyindəki məktəbəqədər təhsil müəssisəsi və özəl bağça ilə əlaqə saxlanılıb.

“Albalı” özəl uşaq bağçasından saytımıza qida seçimində hansı sağlamlıq prinspilərinə əsaslanmaları ilə bağlı açıqlama verilib:
 

“Uşaqlara Azərbaycan kulinariyasını tanıtmalıyıq. Onlar yeməklərimizin adları və dadları ilə tanış olmalıdırlar. Bağçamızda hər gün ət məhsulları hazırlanır. Bu, uşaqların inkişafı üçün vacibdir. Meyvə-tərəvəzlər də uşaqların orqanizmi üçün əhəmiyyətli olduğundan onlara qida rasionunda yer verilir. Bütün yeməklərin yanında mütləq şəkildə tərəvəz salatı verilir. 

Səhər saatlarında mütləq şəkildə uşaqlara herkules, manna sıyığı, süd tərkibli qidalar verilir. Yağ, xama, cem, kəsmik və s. bunlar isə hər gün masada olan səhər yeməkləridir. 

Bəzən valideynlər uşaqlarını bağçaya göndərərkən çantaya müəyyən un məmulatları və s. kimi qidalar qoyurlar. Bu yolverilməz haldır. Valideynlərdən xahiş olunur ki, övladını bağçaya gətirərkən onun çantasına yemək qoymasın. Uşaq burada səhər, günorta və axşam yeməyi ilə yetərincə təmin olunur. Yemək aralarında yüngül qəlyanaltılar da verilir. Buna görə də evdən gətirəcəyi hər hansı bir qidaya ehtiyac qalmır. Valideynlərə qəti şəkildə bildirilir ki, uşaq üçün evdən qida gətirilməsin. Çünki uşaqda yaranacaq hər hansı sağlamlıq problemi ilə bağlı valideynlə bağça arasında anlaşılmazlıq yarana bilər”. 

 
Dövlət məktəbəqədər təhsil müəssisələrindəki qida rasionu ilə bağlı suallarımızı Yasamal rayonundakı 11 N-li körpələr evi-uşaq bağçasının müdiri Azadə Əhmədova cavablandırıb:

“Təssərrüfat malları və ərzaqlar dövlət tərəfindən təmin olunur. Ancaq hazırki sistem dəyişiləcək və yeni bir forma qəbul olunacaq. Yenis sistemlə hazır yeməklərin verilməsi ehtimalı da var. Nəticə olaraq bağçalarda mövcud qidalanma sistemi dəyişiləcək.
 

Səhər yeməyinə daxil olan qidalar: yağ, çörək, kəsmik, xama, yumurta, sıyıq, meyvə… 

Günorta yeməyinə daxildir: kələm şorbası, vermişel şorbası, bulğur şorbası, lobya şorbası, noxud şorbası, ikinci isə makaron, qarabaşaq yarması, kartof püresi, bulğur dəmlənməsi, kələm dolması, küftə, kotlet, toyuq pörtləmişi… 

Axşam yeməyinə daxildir: sıyıq, kartof püresi, vermişel dəmlənməsi…
 

Bəzən ola bilər ki, uşaq bağçadakı yeməklərdən yeməyə bilər. Bu zaman valideyn övladı üçün əlavə kökələr, bulkalar gətirə bilər”.
 

Elm və Təhsil Nazirliyindən bağçaların lazımi məhsullarla təmin olunduğu bildirilib. Əlavə olunub ki, 2022-ci ildə məktəbəqədər təhsil müəssisələrinə yuyucu, gündəlik işlənən mallar və dəftərxana ləvazimatları göndərilib.
“Bu proses yeni məhsullar da əlavə edilməklə 2023-cü ildə də davam etdirilir”,- nazirlikdən qeyd olunub.