Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 09:33:49
Misir Mərdanov nüfuzlu universitetə qəbul olunan qızlardan DANIŞDI

“İki azərbaycanlı şagirdin dünyanın ən yaxşı universiteti olan ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (Massachusetts Institute of Technology) qəbul olunması xəbəri məni çox sevindirdi. Onlardan biri, Fidan Qarayeva Bakı şəhərindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinifini bu il bitirir. Fidan bir neçə ildir ki, riyaziyyat üzrə respublika və beynəlxalq olimpiadalarda iştirak edib və qalib gəlib.

Digər şagirdimiz Dəniz Səttarlı isə Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdidir. Dəniz dəfələrlə kimya fənni üzrə respublika və beynəlxalq olimpiadalarında qələbə qazanıb”.

AzEdu.az-ın məlumatına görə, bu fikirləri sabiq təhsil naziri, Mexanika və Riyaziyyat İnstitutunun baş direktoru Misir Mərdanov bildirib.

Eks-nazir qızların hər ikisini, valideynlərini və müəllimlərini təbrik edib.

“Onu da qeyd etmək istərdim ki, Fidanın atası Mübariz Qarayev hazırda riyaziyyat üzrə elmi tədqiqatlarını Meksikada davam etdirir və öz sahəsində dünyanın tanınmış riyaziyyatçıları sırasındadır. Yaxşı xatırlayıram, 1980-ci ildə indiki Bakı Dövlət Universitetində işlədiyim vaxt Mexanika riyaziyyat fakültəsinə sənəd vermək istəyən Mübariz Qarayevlə müsahibə apararkən gördük ki, çox qabiliyyətli riyaziyyatçıdır və onu Moskva Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinə göndərdik.

Dəniz xanımın bitirdiyi lisey 1990-cı illərin əvvəllərində Türkiyənin tanınmış ictimai xadimi və elm adamı Təyyar Altıkulaçla imzaladığımız sənəd əsasında yaradılıb və uzun illərdir ki, tədrisin keyfiyyətinə görə Azərbaycanın ən öndə gedən liseyidir”.