Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 15:41:00
Şagird məktəbə niyə bıçaqla gəlməlidir? - Deputatdan direktorlara İRAD

Bakıdakı 83 nömrəli məktəb-liseydə şagirdlərdən birinin sinif yoldaşını bıçaqlaması təhsil ictimaiyyətinin müzakirəsinə səbəb olub. Hadisə elə bu günlərdə - 28 fevral tarixində 10-cu sinif şagirdləri arasında tənəffüs zamanı baş verib.Onlar sanitar qovşaqda mübahisə ediblər.

 

Son zamanlar şagirdlər arasında bu cür münaqişələrin artığı müşahidə olunur.

 

Belə halların artmasının səbəbləri nədir, problemləri aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev AzEdu.az-a açıqlamasında məsələyə münasibət bildirib:

 

"Hadisənin baş verdiyi zaman qeyd olunanda "son vaxtlar" deyilir. Belə hallarla bağlı bir ölçü götürülməli, həyacan təbili çalınmalıdır. Bu hadisələrin baş vermə səbəbi ətraflı araşdırılmalıdır. Məktəb girişində nəzarətçilər olduğu halda, məktəbli şagirdin cibində bıçaq nə gəzir? Şagird məktəbə niyə bıçaqla gəlir?".

 

Deputatın fikrincə, hazırda məktəblərdə müəllimlər tərbiyə etmə funksiyasını öz üzərindən atıb:

 

"Müəllimlər elə düşünür ki, tərbiyə etmək onların misiyası deyil. Məktəb mühitinin yaxşılaşdırılması, bu cür neqativ halların aradan qaldırılması ilə bağlı lahiyələr işlənilir. Çox sayda proqramlar həyata keçirilir. Bütün bunlara baxmayaraq, yenə də nəticə yoxdur. Bu onu göstərir ki, görülən işlər formal xarakter daşıyır. Bir çox hallarda görürük ki, məktəb nəzarətdən kənara çıxıb. Burada bir neçə faktor var. İlk növbədə əksər məktəblərdə rəhbərliyin yerində olamaması vurğulanmalıdır. Məktəb rəhbərliyi tamamilə başqa işlərlə məşğuldur. Müəllimlərdən vəsait tələb etmək, intiriqalara qoşulmaq, qeybət aparmaq... Bu səbəbdən məktəb sanki idarə olunmur. Biz deyəndə ki, kişi direktorların sayı artırılmalıdır, buna diqqət edilmir, heç bir addım atılmır. Biz qadınların direktor vəzifəsinə təyin olunmasının əleyhinə deyilik. Məktəbdə hiss olunmalıdır ki, nizam-intizamın keşiyində dayanan rəhbər şəxs var".

 

E.Əliyev məsələ ilə bağlı nazirlik tərəfindən ciddi addımların atılmasının vacibliyini bildirib:

 

"Tərbiyə işi güclənməlidir. Hazırda məktəblərdə tərbiyə işi çox aşağı səviyədədir. Şagird məktəbə bıçaqla deyil, dəftər- qələmlə gəlməlidir. Çantasında kitab gətirməlidir. Yuxarı sinif şagirdləri, ümumiyyətlə məktəbin yolunu tanımır. Hamısı hazırlıq kurslarına, repetitor yanına getməklə məşğuldur. Digər bir məsələ, şagirdlər dərsdən yayınır. Bu kimi hallar xoşagəlməz hadisələrə rəvac verir".