Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-28 13:46:00
AMEA ilə Özbəkistan institutu əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

AzEdu.az xəbər verir ki, memorandumun imzalanmasından əvvəl çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iki ölkə arasında əlaqələrin genişlənməsindən danışıb. İsa Həbibbəyli Azərbaycan və Özbəkistan prezidentlərinin yaxın dostluq münasibətlərinin elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

 

AMEA-nın Özbəkistan Elmlər Akademiyası, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Daşkənd Dövlət Şərqşünaslıq Universiteti və digər elmi və təhsil qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu deyən akademik İsa Həbibbəyli, həmçinin iki ölkənin alimlərinin birgə təşkilatçılığı ilə beynəlxalq konfransların təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Əlişir Nəvainin ikinci vətənidir, ölkəmizdə ədibin yaradıcılığı istiqamətində geniş tədqiqatlar aparılıb, əsərlər meydana qoyulub, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Əlişir Nəvai Mərkəzi fəaliyyət göstərir, Əlyazmalar İnstitutunda isə dahi şairin zəngin əlyazmaları qorunur. “Əlişir Nəvai və XXI əsr” mövzusunda ənənəvi keçirilən beynəlxalq konfrans fevralın 6-7-də ilk dəfə Özbəkistandan kənarda, Azərbaycan Milli Elmlər Akademiyasında baş tutub.

 

AMEA rəhbəri, eyni zamanda, Məhəmməd Baburun əsərlərinin azərbaycanlı alimlər tərəfindən tədqiq olunduğunu, iki xalqın böyük oğlu Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş kitabların işıq üzü gördüyünü söyləyib, hazırda akademiyada Azərbaycan-Özbəkistan elmi, ədəbi, mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində prosesin davam etdiyini bildirib.

 

Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rektoru Eldor Şermanov isə çıxışında bildirib ki, mədəniyyət amili xalqların birləşməsində mühüm rol oynayır və rəhbərlik etdiyi qurum AMEA ilə əlaqələrin qurulması və genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Hazırda Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərir. Əməkdaşlıq memorandumu birgə konfransların təşkili, layihələrin həyata keçirilməsi və kadr hazırlığı işinə töhfə verəcək.

 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, müxbir üzv Ərtegin Salamzadə isə rəhbərlik etdiyi institutun Özbəkistanın bir sıra qurumları, o cümlədən Rəssamlıq Akademiyası ilə sıx əməkdaşlıq etdiyini, birgə konfranslar keçirdiklərini söyləyib, müəllifi olduğu “Akmal Nur. Boyakarlıq” kitabını qonaqlara hədiyyə edib.

 

Daha sonra AMEA ilə Özbəkistanın Dövlət İncəsənət və Mədəniyyət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və sözügedən institutun rektoru Eldor Şermanov imzalayıblar.