Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 12:20:00
Məktəbi kim idarə etməlidir: kişi, yoxsa qadın direktor...

Son zamanlar məktəblərdə yaranan xoşagəlməz hadisələrin ardı-arası kəsilmir. Sosial şəbəkələrdə bu hadisələrin baş verməsinin əsas səbəbkarının məktəb rəhbərliyi olduğu iddia edilir. Qeyd olunur ki, məktəbləri idarə edənlərin çoxu qadın olduğundan nizam-intizam qaydaları keyfiyyətli səviyyədə deyil.

 

Bəs bu iddialar nə dərəcədə doğrudur? Məktəbi kişi, yoxsa qadın idarə etməlidir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli direktorların kişi ya qadın olmasının baş verən hadisələrə təsir etmədiyini söyləyib:

 

“Məktəblərdə direktorun kişi ya qadın olması daim gündəmdə müzakirə olunan mövzudur. Təcrübə göstərir ki, məktəbi idarə edənin kişi, yaxud qadın olması nizam-intizam qaydalarının keyfiyyətinə, o cümlədən təhsilin səviyyəsinə təsir etmir. Direktorun kişi ya qadın olmasından asılı olmayaraq,  günümüzdə bir çox məktəblərdə xoşagəlməz hadisələr baş verə bilir. Bu cür məsələləri birbaşa kiminləsə əlaqələndirə bilmərik ki, “qadınlar rəhbərlik edə bilmir”, “bu müəssisənin rəhbəri qadın olduğu üçün xoşagəlməz hadisələr baş verir” və s.

 

Məktəblərdə baş verən, kütləvi narazılığa səbəb olan hadisələr çox zaman 9-10-cu siniflərdə olur. Bu hadisələri isə oxumayan, təhsildə, davamiyyətdə zəif olan şagirdlər törədir. Məktəb rəhbərliyi bunların baş verməməsi üçün əlindən gələni etsə də, bütün şagirdlərə göz-qulaq olmaq mümkün deyil. Bu təməldən, valideynlərin verdiyi tərbiyədən asılıdır”.

 

Bununla yanaşı, ekspert təhsildə kişilərin önəmindən də danışıb:

“Düzdür, məktəblərdə diskriminasiya pozulub. Kişi direktorların və müəllimlərin sayı azdır. Təbii ki, hər bir yeniyetmə böyüdüyü müddət xarekter baxımından müəllimlərinə oxşamağa başlayır. Oğlan uşaqları üçün bu, o qədər də müsbət hal deyil. Həm kişi, həm qadın müəllimlər arasında balansın qorunması yaxşı olardı”.