Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 09:45:00
Hərbi xidmətə gedənlər universitetə qəbulda üstünlük QAZANACAQ

 

Rusiya Dövlət Dumasında “Təhsil haqqında” Qanuna nəzərdə tutulan dəyişiklik və əlavələrin müzakirəsi başlayıb.

AzEdu.az-ın məlumatına görə, təklif olunur ki, hərbi xidmət xüsusi nailiyyət kateqoriyasına əlavə olunsun və universitetə daxil olarkən əsgərlikdə xidmət edənlərə əlavə ballar hesablansın.

Dövlət Dumasının hər iki istiqamət üzrə komitələri - Orta Təhsil, Elm və Ali Təhsil üzrə komitələr - yeni qanunun qəbulunu təklif ediblər. Dövlət Dumasının Orta Təhsil üzrə Komitəsinin sədri Olqa Kazakova bildirib ki, yeni qanun qəbul edildikdən sonra hərbi çağırışla xidmət etmiş şəxslər universitetə qəbul olunarkən üstünlük əldə edəcəklər:


“Universitetlərə qəbul zamanı əsgərlikdən tərxis olunan gənclərə əlavə ballar hesablanacaq, kollec və texnikumlarda onların hərbi xidmətdə olmaları nəzərə alınacaq”.

Kazakovanın dediyinə görə, Vətən qarşısında borcunu yerinə yetirən gənclərə bütün sahələrdə əlavə imkanlar yaradılmalıdır.

“Bu, təhsil sahəsinə də tətbiq oluna bilər. Bununla biz dövlətin hərbi çağırışla orduda xidmət edənlərin arxasında dayandığını göstərmək istəyirik”.

Nəzərə almaq lazımdır ki, qəbul imtahanı zamanı əlavə balların verilməsi müsabiqədə həlledici rol oynaya bilər.

Təbii ki, Rusiya Federasiyasının “Təhsil haqqında” Qanununa əlavə və dəyişikliklərin edilməsi Rusiya-Ukrayna müharibəsinin ortaya çıxardığı gerçəkliyin nəticəsidir. Hakimiyyət gəncləri hərbi xidmətə toplamaqda müəyyən problemlərlə üzləşir. Hərbi xidmət keçmiş şəxslərin universitetlərə qəbul olunan zaman üstünlük əldə etməsinin gənclərin əsgərliyə çağırılmasını asanlaşdıracağı düşünülür. Amma bunun nə dərəcədə məntiqli olacağını gələcək göndərəcək. Müharibənin daha da uzanması gənclərin açıq-aşkar ölümə yollanması anlamına gəldiyindən, bu kimi tədbirlərin fayda verəcəyi sual altındadır.


Əlimusa İbrahimov