Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 14:52:00
Türkiyədə təhsil alanların diplomlarının tanınması tam qaydasına düşəcək - PROFESSOR  

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında tarix elmləri doktoru, professor Musa Qasımlı qeyd edib. Professor  təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının önəmini xüsusi vurğuladı. Eyni zamanda iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərindən də danışdı. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq sahələrindən biri təhsildir. Ölkələrimizin təhsildə əməkdaşlığı hər iki tərəf üçün faydalıdır. Elm və təhsil sahəsində əməkdaşlığın çox böyük perspektivləri var. Bununla bərabər, mövcud imkanlardan hər kəsin faydalanmasına çalışmaq lazımdır.

 

 

Musa Qasımlı bizə açıqlamasında əməkdaşlığın peşə təhsilinə də müsbət təsiri olacağını qeyd etdi:

 

“Milli Təhsil nazirinin ölkəmizə səfəri zamanı əməkdaşlıq məsələlərinin müzakirəsi yeni bir səhifə açılacağına işarədir. Bu xüsusən peşə təhsilinin yenidən qurulması və inkişafına kömək edəcək. Çünki işğaldan azad olunmuş ərzilərimizdə bir çox sahə üzrə peşə adamlarına ehtiyac var”.

 

Professor Türkiyədə təhsil alan gənclərin diplomlarının tanınması və Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması kimi strateji əhəmiyyətli məsələlərdən də söz açdı:

 

“Başqa bir problem diplomların tanınması ilə bağlıdır. Düşünürəm ki, bu məsələ də öz həllini tapacaq. Türkiyə universitetlərində təhsil alan gənclərin diplomlarının tanınması ilə bağlı işlər qaydaya salınır. Digər müzakirə mövzusu Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasıdır. Bu barədə müəyyən fikirlər var. Hesab edirəm ki, ideyanın reallaşması üçün müəyyən işlər görülə bilər”.

 

 

Musa Qasımlı hər iki ölkənin gələcəyini müəyyənləşdirməkdə gəncliyin rolunu xüsusi dəyərləndirdi:

 

“Səfər zamanı keçirilən görüşlər bizi bir-birimizə daha da yaxınlaşdırır. Çünki hər iki ölkənin gələcəyini müəyyənləşdirməkdə ən böyük rol gənclərə, təhsilə və elmə aiddir. Ona görə də bu səfəri yüksək qiymətləndirirəm.

 

Son olaraq onu da qeyd edim ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müəyyənləşdirdiyi strateji xəttin ən vacib elementlərindən biri təhsil sahəsindəki əməkdaşlığımızdır”.