Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 17:39:00
“AMEA-da bütün problemləri manipulyasiya ilə yola verirlər”-Alimdən çox sərt iradlar

 AMEA-nı  idarə edənlərin həyat şəraiti yüksək olduqları üçün “uzunömürlülükdən” danışırlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov deyib.

 

Qeyd edib ki, akedemiyada həll olunması vacib olan heç bir problem gündəmə gətirilmir:

 

“Bir neçə il bundan qabaq İsa Həbibbəyli akedemiyada baş verən real problemləri bir kənarə qoyub, başqa işlərlə məşğul olurdu. Məsələn, bütün səfirlikləri səfərbər edib  Cəlil Məmmədqluzadənin polyaklaşmış nəvəsini axtarırdı. Halbuki, azərbaycanlı alimlər can verir. Akademiyada fəaliyyət göstərən gənc alimlər  xərçəng və başqa  xəstəliklərdən  dünyasını dəyişirlər. Ölkəmizin savadlı kadrlarına, alimlərinə diqqət göstərilmir. Akademiyanı idarə edənlərin həyat şəraiti yüksək olduqları üçün “uzunömürlülükdən” danışırlar. Onlar heç biri məsulliyyət hiss etmirlər. Buna görə də, hansısa kəşfləri , icadları , sanballı elmi əsərləri yoxdur”.

 

Professor, yaradılan yeni şöbə haqqında fikir bildirib:

 

“Azərbaycan Milli Elmlər Akedemiyası fəaliyyət göstərən gündən struktrunda daima müxtəlif dəyişikliklər baş verib. Hazırda yeni şöbənin yaradılması onun  başqa bir formada davamıdır. Yaradılan “Elektron Akedemiya” şöbəsinin elmə, akedemiyaya, millətə heç bir müsbət təsiri yoxdur. Edilən bu dəyişiklik sadəcə özlərinə xeyirdir. Akademiyada yaranan bütün problemləri manipulyasiya ilə yola verirlər. Burada reklam xarakterli təbliğatlar heç bir problemimizi həll etməyəcək, əksinə böhranı daha da dərinləşdirəcək”-deyə,o fikirlərini tamamlayıb.