Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-17 16:29:00
Yuxarı sinif şagirdləri və müəllimlər üçün seminar təşkil edilib

Paytaxtdakı 185  və 209 nömrəli tam orta məktəblərin 8-9-cu sinif şagirdləri, məktəblərin rəhbərliyi, müəllim və valideynlərlə  gender bərabərliyi mövzusunda maarifləndirici seminarlar təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, Gəncə Regional Qadın Mərkəzinin ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində həyata keçirilən seminarların əsas məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə töhfə verməkdir.

 

Seminarlarda iştirakçılara gender bərabərliyi, qanunvericiliyə uyğun olaraq bərabər imkanlardan istifadə, təhsildə mövcud olan gender göstəriciləri, məktəb-icma münasibətlərinin qurulması, valideyn-məktəb münasibətləri, dərsə davamiyyət, qızların təhsili mövzularında məlumat verilib, həmçinin təhsildən yayınma və onun səbəbləri haqqında danışılıb, fəsadları izah edilib.

 

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Layihə çərçivəsində növbəti mərhələdə şagirdlərin universitetlərə infoturu nəzərdə tutulur.

 

Qeyd edək ki, ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş gender bərabərliyi, Azərbaycan Respublikasında qəbul edilmiş  “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanunun məqsədlərinə uyğun olaraq həyata keçirilir.