Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 15:52:00
Riyaziyyat üzrə keçirilən təlimlər yekunlaşıb

Dövlət İmtahan Mərkəzi (DİM), Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində Niderland Krallığının “CİTO – Niderland Milli Təhsil İnsitutu”nun dəstəyi ilə həyata keçirilən “Riyaziyyat və təbiət elmləri üzrə PISA yönümlü sualların yazılması istiqamətində ekspertlərin hazırlığı” layihəsinin riyaziyyat fənni istiqamətində təlimləri yekunlaşıb.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, hər biri 2 saat olmaqla 11 günü əhatə edən təlimlər onlayn şəkildə riyaziyyat fənni istiqamətində seminar və praktiki məşğələlərin keçirilməsi üzrə beynəlxalq təcrübəsi olan Sjoerd Crans tərəfindən keçirilib. Təlimlərdə DİM-in nümayəndələri, riyaziyyat fənni istiqamətində buraxılış və qəbul imtahanlarında tapşırıqların tərtib olunması və ekspertizası üzrə DİM ilə əməkdaşlıq edən ekspertlər, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Təhsil İnstitutunun nümayəndə heyəti və riyaziyyatçılar iştirak ediblər. 24 ekspert və 6 əməkdaşdan ibarət təlim iştirakçıları hər birində 12 nəfər olmaqla 2 qrup şəklində bölünərək verilən tapşırıqlar üzərində işləyiblər.

 

Layihə aşağıdakı məsələləri əhatə edib:

- Situasiya tipli test tapşırıqlarının hazırlanması və quruluşuna dair ümumi nəzəriyyə;

- Spesifikasiyalara əsaslanan test tapşırıqlarının tərtibinə dair tapşırıqlar;

- PISA 2021 çərçivə sənədində riyazi savadlılıq və funksional savadlılığın qiymətləndirilməsi;

- Savadlılığın qiymətləndirilməsindəki kontekstlər: nəzəriyyə və təcrübə; Azərbaycandan və Hollandiyadan nümunələr;

- Bacarıq yönümlü (competency based) qapalı test tapşırıqlarının tərtibinə dair tapşırıqlar;

- Açıq sualların tərtib olunması.

 

CİTO ekspertləri tərəfindən təbiət elmləri istiqaməti üzrə təlimlərin oktyabrın 24-dən keçirilməsi planlaşdırılıb.

 

Qeyd edək ki, CİTO ilə DİM arasında əməkdaşlığa DİM-in sələfi olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti dövründən başlanılıb. 2021-ci il iyulun 12-də DİM ilə CİTA arasında təhsildə qiymətləndirmə sahəsində institusional inkişafın artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb