Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 09:13:00
Sertifikasiyanın ölkə rekordçusu olan müəllim-“Ali təhsil hələ də mənim üçün bir arzudur”-FOTO

 

 

 

1 sentyabrda ibtidai sinif üzrə sertifikasiya prosesinə yekun vuruldu.

 

 

Namizədlər arasında  60 ballıq nəticə əldə edənlərin sayı heç də az deyildi.

 

 

Onlardan biri olan   Qusar rayon Urva kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səidə Baxışova 60 bal toplayaraq yüksək nəticə göstərib.

 

 

AzEdu.az-a danışan müəllim uğurlarının sirlərini bölüşüb:

 

 

Gəlin onu yaxından tanıyaq:

 

 

“1982-ci ildə anadan olmuşam. 1988-ci ildə  Qusar rayon Urva kənd tam  məktəbinin birinci sinifinə qədəm qoymuşam. 9 illik təhsilimi tamamladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olmuşam. Əslində bu imtahanda özümü sınamaq üçün iştirak etdim. Lakin atam dedi ki, bu şans qarşına çıxıbsa,  onu davam etdirməyə dəyər. Sonra ailə vəziyyətimlə əlaqədar təhsilimi davam etdirə bilmədim. Ali təhsil almaq mənim daxilimdə hələ də bir arzu olaraq qalmaqdadır”.

 

 

İbtidai sinif müəllimi  sertifikasiyaya necə hazırlaşmasından söz açıb:

 

“Yaşadığım ərazidə mobil internet problemi olduğu üçün çox çətinliklərlə üzləşdim. Lakin bütün bunlara baxmayaraq hər şey yaxşı səviyyədə alındı. Qarşıma məqsəd qoymuşdum ki, birinci olmalı və yüksək nəticə əldə etməliyəm. Ona görə də gecə-gündüz dincəlmədən  çalışaraq bu nailiyyəti əldə etdim.

 

 

Sertifikasiyanın test imtahanına daxil olmamışdan öncə çox həyəcan və psixoloji sarsıntılar keçirirdim. Çünki insanlar arasında belə yanaşma var idi ki, proses çox çətin olacaq. Hətta bəzi şəxslər deyirdi ki, müəllimlər kəsiləcək.

 

 

Orta məktəbi də əla qiymətlərlə bitirmişəm. İşlədiyim zamanlar da  ciddi çalışaraq araşdırmalar aparmışam. Çalışdığım yerin kənd məktəbi olmasına baxmayaraq əlimdən gələnin ən yaxşısını etməyə  səy göstərdim. Şagirdlərimə yuxarı siniflərin testlərini etdirir, onların kimdənsə geridə qalmaması üçün ən yaxşısını öyrətməyə çalışırdım. Sertifikasiyaya hazırlaşdığım dövrdə də mənim üçün heç bir çətinlik yaşanmadı. Çünki dayanmadan öz üzərimdə işləyirdim”.

 

 

Müəllim qeyd edib ki, 60 bal onun üçün süpriz olub:

 

 

“İmtahan çox yüksək səviyyədə təşkil edilmişdi. Sualları gördükdə inanana bilmədim ki, necə bu qədər asan test tapşırıqları ola bilər. Bir saat müddətində bütün sualları  tamamladım, lakin imtahan zalını tərk etmədim. Çünki diaqnostik qiymətləndirmə zamanı tələskənlik etmişdim, lakin bu dəfə gözlədim. Sualların hamısına tək-tək baxdım, onları yoxladım. Bir neçə yerdə səhv etdiyimin fərqinə vardım və onları düzəltməyə çalışdım. Sona imtahanın bitməsinə 10 dəqiqə qalmış “Bitir”i vurdum  və 60 balı gördükdə gözlərimə inanmadım. Tez nəzarətçini çağıraraq ondan da nəticəyə baxmasını xahiş etdim. Dedim ki, ola bilsin, mən yanlış görürəm. Nəzarətçilər məni təbrik edərək dedilər ki, siz  60 balı ilk toplayanlardan biri oldunuz. Bu sözlərdən sonra özümü çox xoşbəxt hiss etdim”.

 

 

Səidə Baxışovanın ən böyük arzularından biri də ali təhsil almaqdır:

 

 

“Çox təssüf edirəm ki, ali təhsilim yoxdur. Lakin istər orta ixtisas, istərsə də ali təhsil arasında heç bir fərq görmürəm, insan öz üzərində çalışdığı zaman yüksək nəticə əldə edir. Elə ailələr var ki, imkan baxımından təhsil ala bilmir, amma bu, o demək deyil ki, onların bilik səviyyəsi aşağıdır. Həyatımın bütün mərhələlərində ali təhsil almaq istəmişəm, inşallah bu bir  təkan və şans olar ki, mən həmin yola keçim. Uşaqlarım da artıq böyük olduğu üçün bir qədər öz təhsilim geridə qaldı”.

 

 

Müəllim qeyd edir ki, sertifikasiya ilə bağlı cəmiyyətdə çox neqativ fikirlər formalaşıb:

 

 

“Sertifikasiya ilə bağlı psixoloji gərginlik keçirənlərə demək istəyirəm ki, qətiyyən şaiyələrə inanmasınlar. Ətrafın neqativ şərhlərinə qulaq asmasınlar. Sualların 30 faizi asan, 10 faizində isə çətinlik var idi. Onlar da 5-6-cı siniflər səviyyəsində idi. Namizədlər sadəcə özlərinə inansınlar və üzərlərində çalışsanlar. Hamı sertifikasiya qarşı çıxsa da, mən onunla bağlı müsbət fikirlərdə idim. Müəllimlər artıq üzərlərində çalışmalıdır ki, gələcəyimiz olan uşaqlar da şəxsiyyət kimi formalaşa bilsin”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları