https://www.zirve.edu.az/
02.09.2018 12:59
Təhsil eksperti: "Fantastik təhsil haqları müqabilində peşəkar tibbi kadrların hazırlanması real görünmür"

"Tanınmış həkim mənə müalicə - profilaktika ixtisasına təhsil haqqının 4500 manat, rezidenturaya təhsil haqqının 4000 manat müəyyənləşdirilməsinin ölkədə həkim kadrların yetişməsinə ciddi zərbə vuracağından danışdı"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Etibar Əliyev deyib. O, məşhur həkimlərdən biriylə söhbəti barədə danışıb:

"Dünən tanınmış bir həkimin yanına getmişdim. Qanı çox qara idi. Mənə resept yazandan sonra ürəyini açdı: “Ölkədə tibb təhsilinin axırı necə olacaq?” Ölkədə tibbin inkişaf etməsini istəmirlər.  Müalicə - profilaktika ixtisasına təhsil haqqının 4500 manat, rezidenturaya təhsil haqqının 4000 manat müəyyənləşdirilməsi ölkədə həkim kadrların yetişməsinə ciddi zərbə vuracaq. Rezidenturaya daxil olanlar oxumaqdan imtina edirlər. O ölkələrə üz tuturlar ki, rezidentlərdən təhsil haqqı alınmır, onlara təqaüdlər verilir". Sanballı klinikaların olması yaxşı haldır. Ancaq bu klinikalar üçün həkim də yetişdirmək lazımdır. Fantastik təhsil haqları müqabilində peşəkar tibbi kadrların hazırlanması real görünmür. Bunun qarşısı tezliklə alınmasa fəsadları daha böyük olacaq.

Xatırladaq ki, 10–16 iyul 2018-ci il tarixlərində rezidenturaya qəbul olmaq istəyən namizədlər tərəfindən aparılmış ixtisas seçimi başa çatdıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilmişdir. Nazirlər Kabineti Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq, Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına, ümumilikdə təhsili dövlət sifarişli olan 39 plan yerinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2018-ci il tarixli 596s nömrəli sərəncamı ilə təhsili ödənişli əsaslarla olan 100 plan yerinin əlavə edilməsi haqqında qərar vermişdir. Ödənişli plan yerlərinin illik təhsil haqqı 4000 Azn-dir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları