https://modern.az/ http://www.position.az/
2022-07-26 09:41:00
Bağçalara növbəyə yazılma prosesinə start verilir

İyulun 26-da saat 11:00-dan etibarən Bakı üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start veriləcək.

 

Bu barədə AzEdu.az-a  Təhsil Nazirliyindən məlumat verilib.

 

Xatırladaq ki, iyulun 18-dən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə başlanılıb və bu, sentyabrın 14-dək davam edəcək. Uşaqların qəbulu məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

 

Valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi mərhələli şəkildə həyata keçirilir. Yekun olaraq avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

 

Elektron qəbul sistemi 15-21 sentyabrda qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

 

Qeyd edək ki, iyulun 22-dən etibarən ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb.