Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-12 13:43:22
Rusiyada universitetə tələbə qəbul etdirmək adı ilə dələduzluqda təqsirləndirilən zavod direktoruna hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Musa Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə M. Musayevin vəkili Günay Sultanova müdafiə nitqi ilə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxsə 63 min manat məbləğində verilən ittiham əsassızdır, çünki zərərçəkmişdən pulu Sərxan adlı şəxs alıb: "Bununla belə o, cinayətini qismən etiraf edib və bildirib ki, zərərçəkənlərə dəyən ziyanı hissə-hissə ödəməyə hazırdır". Vəkil M. Musayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, şərti cəza verilməsini istəyib.

Sonra M. Musayev son sözlə çıxış edib və günahsız olduğunu bildirib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, M. Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, M. Musayev zərərçəkmiş Məmməd Qasımovun oğlunu Rusiya Federasiyasında universitetə tələbə qəbul etdirmək adı ilə 63 min 800 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M. Musayev həbs olunmazdan əvvəl Şəkidə İpək Zavodunun direktoru vəzifəsində çalışıb.