Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-23 12:51:00
Universitetlərdə semestr imtahanlarını DİM keçirəcək? - RƏSMİ CAVAB 

Dövlət İmtahan Mərkəzi Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU), Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıb.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki,   ötən gün baş tutan mərasimdə iştirak edən DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib və bu razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla təmin olunması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.

 

Memorandum haqqında məlumatların yayılması həmin universitetlərdə daxili semestr imtahanlarını DİM-in təşkil edəcəyinə dair iddiaların gündəmə gəlməsinə səbəb olub. 

 

Anlaşmanın mahiyyəti barədə DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, semestr imtahanını mərkəzin keçirməsi nəzərdə tutulmur. 

 

Memoranduma əsasən, DİM adıçəkilən ali təhsil müəssisələrində maliyyə, mühasibat və audit ixtisasları üzrə semestr imtahanlarının məzmununun hazırlanmasına dəstək verəcək.