Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 12:41:00
Mini futbol üzrə Avropa çempionu olan müəllim: "Heç kəs bizə inanmırdı"-FOTO

 

 

İdman tariximizdə ilk dəfə olaraq Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionu adını qazanıb.

 

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının həlledici qarşılaşmasında komandamızın rəqibi Rumıniya millisi olub. Yığmamız Rumıniyaya minimal hesabla qalib gəlməklə (1:0) çempion olmağı bacarıb.

 

Qeyd edək ki, bu göstərici Azərbaycan idman tarixində komanda şəklində ilk beynəlxalq uğurumuzdur.

 

Komanda üzvləri bu qalibiyyətə görə Prezident İlham Əliyev tərəfindən qəbul edilib və uğurun əhəmiyyəti yüksək qiymətləndirilib.

 

Komanda üzvlərindən biri Rəvan Kərimov futbolla məşğul olmaqla yanaşı, həm də Bakıdakı orta məktəblərin birində müəllim kimi də fəaliyyət göstərir.

 

AzEdu.az-a danışan Rəvan Kərimov tarixi qalibiyyətdən, onun doğurduğu təəssüratdan danışmaqla yanaşı, müəllimlik peşəsindən söz açıb.

 

Gəlin, onu yaxından tanıyaq:

 

O, 2002-2013-cü illərdə Bakı şəhər Suraxanı rayon 85 nömrəli tam orta məktəbdə oxuyub. 2013-2017-ci illərdə isə Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Müəllimlərin işə qəbulu müsabiqəsində 39 bal toplayaraq bir il müqavilə ilə fəaliyyət göstərib. Sonra isə daimiləşmə müsabiqəsində iştirak edərək 42 bal toplayıb. Hazırda Bakı şəhər 101 nömrəli orta məktəbdə idman müəllimi kimi fəaliyyət göstərir.

 

Rəvan müəllim ilk olaraq, futbola marağına, vaxtilə peşəkar idmanla məşğul olmasına toxunur yaranma səbəbindən söz açıb:

 

“Uşaqlıqdan futbolla məşğul olduğumdan bu sahəyə hər zaman böyük həvəsim, sevgim olub. Professional idmanla məşğul olduğum üçün ali təhsilimi də bu sahədə davam etdirdim. Hazırda da müəllimlik fəaliyyətimdən əlavə futbol ilə yaxından məşğul oluram”.

 

Müəllim şagirdlərin idmana olan yanaşmasını vurğulayıb:

 

“Hazırda şagirdlər arasında idmana olan həvəs azalıb. Lakin futbola olan maraq hələ də qalmaqdadır. Mən də bundan istifadə edərək həvəslərini artırmağa çalışıram. Bizim uğurumuzu gördükdən sonra onların istəkləri daha da artmağa başladı”.

 

Tarixi idman uğurlarına toxunan Rəvan Kərimov turnirdə qalib gələcəklərinə inamlarının çox az olduğunu qeyd edib:

 

“Mini futbol üzrə qalib gələcəyimizə kimsə inanmırdı. İlk görüşdəcə uğradığımız məğlubiyyətdən sonra insanların bizə olan inamları daha da azalmağa başladı. Sonra isə qrupdakı iki oyunda ardıcıllıqla qalib gəldik. Həlledici çətin qarşılaşmalarda da bu tempi qoruyub saxlaya bildik. Hər qalib gəldikcə, insanların bizə olan inamlarının get-gedə daha da artdığını görürdük. Məhz bu qalibiyyətlərdən sonra onlar bizə daha güclü dəstək olmağa qərar verdilər. Oyunlarda olan qalibiyyət bizi finala apardı”.

 

 

O, komandanın Prezidentlə görüşməsindən söz açıb:

 

“Hamımız xoşbəxt idik və bu hissləri yaşamağı çoxdan gözləyirdik. Sonra isə hər idmançının arzusu kimi Cənab Prezidentin görüşünü gözlədik.

 

Cənab Prezident vurğuladı ki, siz sübut etdiniz ki, komanda şəklində çempion olmağa nail olmaq mümkündür. Prezident əlavə etdi ki, siz heç bir dəstək olmadan qalib oldunuz və hamımızı təbrik etdi”.

 

 

Qalib müəllim şagirdlərinin onu Avropa çempionu olandan sonra necə qarşılamalarına da toxunub:

 

“Şagirdlərim bu qalibiyyəti çox xoş böyük sevinclə qarşılamışdılar. Məktəbə getdiyim zaman hamı məni təbrik edərək hisslərini bildirdi”.

 

 

Müəllim gələcək hədəflərindən söz açıb:

 

“Bundan sonra da məktəbdə müəllim olaraq fəaliyyətimi davam etdirəcəyəm. Futbol sahəsində olan işlərimi də paralel davam etdirməyi planlayıram.

 

Bu qalibiyyət hər şeyə bərabər idi. Biz göstərdik ki, idmanda yüksək mövqeyə gəlib çıxmaq mümkündür. Lakin əziyyət çəkmək vacibdir. Bu, özü bir sübutdur”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları