Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-15 10:57:00
Ukraynada girovluqdan xilas olunan tələbəmiz: “25 gün işgəncə gördüm”-ÖZƏL

 

Hazırda Ukraynada davam edən müharibədə həlak olan, yaralanan, ümumilikdə zərərçəkənlər arasında təəssüf ki, azərbaycanlılar da var.

 

Ötən ay müharibədə girov  götürülən, Ukraynada təhsil alan azərbaycanlı tələbə Hüseyin Abdullayev də onlardan biridir. Sevindirici haldır ki, əslən Neftçalanın Tatarməhlə kəndindən olan Hüseyn, bir neçə gün öncə azad olundu.

 

AzEdu.az tələbəmizlə əlaqə saxlayaraq ümumi vəziyyəti maraqlanıb.

 

Hüseyin AzEdu.az-a açıqlamasında onunla yanaşı əsir götürülənlər arasında tək azərbaycanlı olduğunu bildirib:

 

“Mariupol Dövlət Universitetində 3-cü kursda təhsil alırdım. Martın 17-si şəhərdən çıxan zaman çeçenlər tərəfindən girov  götürüldüm. Məndən başqa girov  götürülən azərbaycanlı yox idi, qalanları ukraynalılar idi. Amma Mariupolda qalan çox sayda azərbaycanlılar var, onlardan xəbər yoxdur. 25 gün müddətində müxtəlif işgəncələrə məruz qaldım, xüsusilə bir çeçen rəis mənə hər gün işgəncə verirdi. Çox qəddar və pis insan idi. Bir neçə gün öncə həmin rəis Ramazan ayına görə girovluqdan buraxıldığımı dedi. Amma bu səbəblə məni buraxdıqlarını düşünmürəm. Burada olan digər azərbaycanlılar onunla əlaqə yaradıb, azad olunmağım üçün danışıblar, bunun nəticəsi olaraq girovluqdan azad olunmağım mümkün oldu”

 

Ölkəyə nə zaman qayıdacağını maraqlandığımız zaman isə o, -“Təxminən 3-4 günə Azərbaycana qayıdacağam, ailəmlə danışmışam”-deyə bildirib.

 

Qeyd edək ki, Hüseyin hazırda xəstəxanadadır, vəziyyəti normaldır. Soydaşımızın əsirlikdən azad olunması üçün Ukraynada qalan sıravi azərbaycanlılar bütün bu müddətdə əllərindən gələni ediblər.