Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-02-02 14:29:00
Prezident mükafatı alan 25 yaşlı ali məktəb müəllimi: “Tələbənin nə istədiyini yaxşı bilirəm”

 

“Tələbənin qarşısında necə bir müəllim görmək istədiyini yaxşı bilirəm”

 

Ölkə gəncliyi müxtəlif sahələrdə bir çox uğurlara imza atdığı kimi, elm və ali təhsil sahəsində də öz fərqini göstərir.

 

Bu istiqamətdə universitetlərimizdə təhsilalanlarla yanaşı, pedaqoji fəaliyyətlə məşğul olan gənclərimizə də rast gəlmək mümkündür. Belə gənclərimizdən biri də Naxçıvan Dövlət Universitetinin 25 yaşlı müəllimi Əziz Qasımovdur. 

 

Qeyd edək ki, Əziz Qasımov ötən gün ölkə başçısının sərəncamı ilə Prezident mükafatına layiq görülüb. 

 

Əziz Qasımov, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi olaraq çalışır. O, fəaliyyətinə 2020-ci ilin sentyabr ayından etibarən başlayıb.

 

Gənc müəllim AzEdu.az-a açıqlamasında tələbələrlə ünsiyyətindən, eyni zamanda, bu yaşda müəllim olmağın çətin tərəflərindən söz açıb:

 

“Tələbələrlə yaş fərqimiz o qədər də çox olmadığından əlbəttə ki, ünsiyyətlə bağlı problemimiz yaranmır. Tələbənin qarşısında necə bir müəllim görmək istədiyini yaxşı bilirəm. Gənc müəllim kimi işə başlayanda,əlbəttə, müəyyən çətinliklər olacaq idi. Lakin illər keçdikcə təcrübənin öz sözünün dediyini şahidi oluruq”.

 

 

“Dərsə çox ciddi hazırlaşırıq

 

"Pedoqoji fəaliyyətlə məşğul olmağın üstünlüyündən deyə bilərəm ki, insan öyrətdikcə öyrənir. Tələbələrin ən incə sual vermə ehtimalını da nəzərə alaraq, dərsə müxtəlif ədəbiyyatlardan çox ciddi hazırlaşırıq".

 

Son olaraq o, ölkə gənclərinə gənc müəllim kimi öz tövsiyələrini verib:

 

“Ölkə gənclərinə tövsiyəm öz sevdikləri peşəni seçsinlər. Hansı sahədə özlərini daha peşəkar görürlərsə, o sahədə çalışsınlar. Ən əsası, Ulu öndər irsinə, azərbaycançılığa, dövlətçiliyə daim sadiq olsunlar”.