Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-14 12:48:00
Eksternat imtahanlarında 517 nəfər uğur qazanıb

Bakı şəhəri üzrə onlayn formada keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 719 nəfər qatılıb. Onlardan 517-si uğur qazanıb.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 140 nəfər, tam orta təhsil səviyyəsi üzrə 377 nəfər uğur əldə edib.
İmtahan nəticələri ilə əlaqədar apellyasiyaya 3 iş günü müddətində 146-0 nömrəli Çağrı Mərkəzi vasitəsilə müraciət etmək olar.
Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.