Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-04 14:49:00
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı yanvarın 21-i saat 10:00-dək aparılacaq. İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə DİM-in saytında tanış olmaq olar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumatla DİM-in saytındakı linkdə) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Namizədlərin nəzərinə çatdırılır ki, gələcəkdə dövlət qulluğu imtahanlarında səriştə və bacarıqları yoxlayan test blokunun da təqdim olunması nəzərdə tutulur. Həmin bloka daxil ediləcək tapşırıqların sınaqdan keçirilməsi məqsədilə bu imtahandan başlayaraq iştirakçılara nəticəsi qiymətləndirilən əsas test blokları ilə yanaşı, əlavə sınaq-yoxlama bloku da təqdim ediləcək. Həmin bloku cavablandırmaq könüllü xarakter daşıyır və iştirakçının imtahan nəticəsinə heç bir təsir göstərmir. Burada əsas məqsəd tapşırıqların keyfiyyətinin müəyyənləşdirilməsi və daha da təkmilləşdirilməsidir.