Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-11 15:47:00
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir  

Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir.

 

AzEdu.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi Rayon Təşkilatının lektoriya zalında təşkil olunan dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, millət vəkili Məlahət İbrahimqızı, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, Ümumi sektorun müdiri Sevinc Rəsulova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov giriş sözü ilə çıxış edərək dahi şəxsiyyətin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb.

 

Millət vəkili Məlahət İbrahimqızı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasəti nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsindən bəhs edib.

 

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov müasir Azərbaycanın memarı Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından söz açıb. H.Əsgərov dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

 

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət  quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya  çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi  dirçəlişin yaranması, Azərbaycanın  beynəlxalq  aləmdə nüfuzunun artması, həyata  keçirilən  sosial-iqtisadi  layihələr, qazanılan uğurlar  barədə  şagirdlərə ətraflı məlumatlar verməkdən  ibarətdir.

 

Dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi bütün paytaxt məktəblərində davam edəcək.